Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin təşkilatçılığı ilə ağız və üz-çənə cərrahiyyəsinə dair beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
APA-nın xəbərinə görə, konfransa İtaliya, İngiltərə, Almaniya, Türkiyə, İran, Rusiya, Hindistan, Ukrayna, Gürcüstan, Qazaxıstan və İsrailin ağız və üz-çənə cərrahları cəmiyyətlərinin prezidentləri və tanınmış mütəxəssisləri qatılıblar.
Tədbirin açılış mərasimində bildirilib ki, 29-30 iyunda keçiriləcək konfransın birinci günündə bu sahədə ən yeni texnologiyaların tətbiqinə dair müzakirə və təcrübə mübadiləsi aparılacaq.
Tədbirdə qonaqlara Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti barədə məlumat verilib. Qeyd olunub ki, cəmiyyət Ədliyyə Nazirliyinin verdiyi şəhadətnaməyə əsasən 29 sentyabr 2017-ci ildən etibarən ictimai birlik qismində rəsmi fəaliyyət göstərir.
Konfransda “Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti”nin təqdimatı da keçiriləcək.
Konfrans çıxışlarla davam edir.