Dövlət mülkiyyətində olan əsas vəsaitlərin, o cümlədən binaların və qeyri-yaşayış sahələrinin büdcədən maliyyələşən dövlət orqanları arasında bir-birinə verilməsinə dair yeni prosedur müəyyənləşib.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər dövlət mülkiyyətində olan əsas vəsaitlərin, o cümlədən binaların və qeyri-yaşayış sahələrinin büdcədən maliyyələşən dövlət orqanları arasında bir-birinə verilməsi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilib.
Dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan və vahidinin (dəstinin) ilkin dəyəri 5000 (beş min) manatdan yuxarı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi (əsas vəsaitlərin eyni dövlət qurumunun tabeliyindəki dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi halı istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar, o cümlədən “Məhkəmələr və hakimlər haqqında” qanuna uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı ilə bağlı məsələləri Ədliyyə Nazirliyinin həll etdiyi hallar istisna olmaqla, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi alındıqdan sonra Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçiriləcək. Dövlət mülkiyyətində olan və vahidinin (dəstinin) ilkin dəyəri 5000 (beş min) manat və ondan aşağı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi Dövlət Xidmətinin yazılı razılığı alındıqdan sonra həmin dövlət orqanlarının və dövlət mülkiyyətində olan hüquqi şəxslərin qərarları əsasında həyata keçiriləcək.
“Məhkəmələr və hakimlər haqqında” qanuna uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı məqsədilə Ədliyyə Nazirliyi tərəfindən birinci instansiya məhkəmələrinə əsas vəsaitlərin verilməsi Dövlət Proqramının 6.9-cu bəndi ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək. Dövlət Proqramının 6.9-cu bəndinə əsasən, eyni mərkəzi və ya yerli icra hakimiyyəti orqanı, habelə dövlət təşkilatları daxilində əsas vəsaitlərin bir struktur bölməsindən digərinə verilməsi Dövlət Xidmətinin yazılı razılığı alındıqdan sonra həmin mərkəzi və ya yerli icra hakimiyyəti orqanının, dövlət təşkilatının qərarı əsasında həyata keçirilir.