Türkiyəli yazar: “Azərbaycanlı ziyalılar həm türkçülük, həm də islamçılıq hərəkatında önəmli rol oynayıblar” - MÜSAHİBƏ

Türkiyəli yazar: “Azərbaycanlı ziyalılar həm türkçülük, həm də islamçılıq hərəkatında önəmli rol oynayıblar” - <span style="color: red;"> MÜSAHİBƏ
# 19 mart 2016 09:19 (UTC +04:00)

Bəşir Ayvazoğlu: “Turan ideyasını ilk dəfə Hüseynzadə Əlibəy səsləndirmişdi, daha sonra Ziya Gökalp onu məşhur “Turan” şeiriylə bir ideologiyanın manifesti halına gətirdi”

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin tanınmış yazarı və tədqiqatçısı Bəşir Ayvazoğlunun APA-ya müsahibəsi

- “İstiklal marşı”nın yazılmasının 95-ci ilində bəzi qaranlıq nöqtələrə işıq tutan 2 məqaləniz “Hürriyet” qəzetində çap edildi. 1912-ci ili vurğulayırsınız. O ildə “Türk Ocakları” quruldu, əsas müzakirələr Əhməd Ağaoğlunun evində aparılmışdı. Əhməd Ağaoğlunun, Əlibəy Hüseynzadənin, Yusuf Akçuranın “İstiklal marşı”nın müəllifi Mehmet Akif Ərsoyla münasibətlərinə dair nə deyə bilərsiniz?

- Bilirsiniz ki, məşrutiyyətin elanından sonra birdən-birə hürriyyət ortamı yarandı və o ortamda insanlar o günə qədər deyə bilmədiklərini mətbuat yoluyla, qəzet və dərgilərdə deməyə başladılar. O dönəmdə çıxan dərgilərdən biri də islamçıların “Sırat-ı müstakim” dərgisi idi. Mehmet Akif o dərginin baş yazarı idi. “Sırat-ı müstakim” təkcə Türkiyədə yox, türk və islam dünyasında oxunan bir mətbu orqanı kimi tanınırdı. İstanbula gələnlər mütləq o dərginin redaksiyasına baş çəkirdilər, yəni ora görüş yeri kimiydi. Dərgi o vaxt qurulan Türk Dərnəyinin mətbu orqanı kimi də fəaliyyət göstərirdi. İslamçı çizgidə olmasına baxmayaraq, türklük məsələlərinə də yer ayırırdı. Əhməd Ağaoğlu bəylə Yusuf Akçura bəy ilk dönəmdə “Sırat-ı müstakim” dərgisinin yazarlarından idilər, yəni dərginin çıxmasında birgə zəhmət çəkmiş ziyalılar idi.

- Yəni, Ağaoğlu 1910-cu ildə Bakıdan İstanbula gələndən sonra Mehmet Akif Ərsoyla yaxın münasibət yaradıb. Düz anladıq?

- Bəli, Yusuf Akçura da “Sırat-ı müstakim”in yazarlarından idi. Balkan savaşı başlayandan sonra türkçülük hərəkatı siyasi mənada da canlılıq qazandı. Bunun nəticəsində əvvəlcə Türk Dərnəyi, daha sonra isə Hərbi Tibb Akademiyası məzunlarının başlatdığı bir hərəkatın təşkilatı olan “Türk Ocakları” quruldu. Daha əvvəl Türk Cəmiyyətinin dərgisi olan “Türk Yurdu” da “Türk Ocakları”nın mətbu orqanı kimi çıxmağa başlayınca islamçılarla türkçülər arasında yavaş-yavaş fikir ayrılığı başladı. Ancaq daima həm islamçı, həm də türkçü olanlar vardı. Bir müddətdən sonra Ağaoğlu və Akçura “Türk Yurdu” dərgisinə yönəldilər. Dərgi 1931-ci ildə “Türk Ocakları”nın qapadılmasına qədər yayımlandı. O dönəmdə Əhməd Ağaoğlunun, Hüseynzadə Əlibəyin, Yusif Akçuranın yazılarının “Türk Yurdu” dərgisində ardıcıl şəkildə çıxdığını görürük. Yəni, azərbaycanlı ziyalılar türkçülük hərəkatında da, islamçılıq hərəkatında da önəmli rol oynayıblar. Turan ideyasını ilk dəfə Hüseynzadə Əlibəy səsləndirmişdi, daha sonra Ziya Gökalp onu məşhur “Turan” şeiriylə bir ideologiyanın manifesti halına gətirdi. O dönəmdə, xüsusilə Əhməd Ağaoğlu fikir adamı və ideoloq kimi son dərəcə önəmli rol oynayıb. Onların fəaliyyətinin cümhuriyyətin elan edilməsindən sonra da davam etdiyini bilirik. Yusuf Akçuranın “Üç tarz-ı siyasət” məqaləsi türk düşüncə tarixində önəmli əsərlərdən biridir. Bunu qeyd etməkdə fayda var.

- Keçən il çıxmış kitabınızda Çanaqqala savaşında ön cəbhəyə getmiş ziyalılar arasında Əhməd Ağaoğlunun da olduğunu yazmısınız. Bu barədə nə demək istərdiniz?

- “Türk Yurdu” dərgisində dünya siyasətinin ən önəmli məsələlərini şərh edən yazıların altında Əhməd Ağaoğlu bəyin imzası var. Əhməd bəy ədəbiyyat adamı yox, düşüncə adamıdır, çox güclü təhsili olub, universiteti Parisdə bitirib. Ona görə dünya məsələlərini dərindən şərh edə bilirdi. Çanaqqala savaşlarında həm ön, həm də arxa cəbhədəkilərə mənəvi dəstək olsun deyə 15 nəfər ədəbiyyat, sənət və fikir adamı cəbhəyə yollanır. Onlardan biri Əhməd Ağaoğludur.

- Siyahını Ziya Gökalp hazırlamışdı?

- Böyük ehtimalla o hazırlayıb. Çünki bu məsələlərdə ittihad və tərəqqi hökumətinin ən çox etibar etdiyi şəxs Ziya Gökalp idi. Yəni, bu məsələdə onun fikrinin öyrənildiyi şübhəsizdir. Siyahı hazırlansa belə, Ziya bəyin o siyahıya baxıb təsdiqlədiyini deyə bilərik. Oradakı gənc şairlər Gökalpın cizgisində gedən qələm sahibləridir. Qayıdandan sonra Əhməd Ağaoğlu bəy həmişəki kimi, analitik yazılar yazıb. “Türk Ocakları”nın qurucu başqanı Həmdullah Sübhi Tanrıövər və Mehmet Emin Yurdaqul da eyni təşkilatda istər Ağaoğlu, istərsə də Hüseynzadə ilə yaxın dost olublar. O vaxt Çanaqqala cəbhəsinə göndərilənlərin çoxu türkçülük cizgisindəki adamlar olub, başqa dünyagörüşdə olan insanları heyətə daxil etməyiblər. Amma Akif İstanbulda olsaydı, onu da mütləq çağırardılar. Bilirsiniz ki, o vaxt Akifə başqa iş tapşırmışdılar.

- Əvvəlcə islamçı mövqedə olan Akifin Berlinə gedəndən sonra daha çox türkçülük cizgisində olduğunu yazırsınız. Bunun səbəbi nə idi?

- Əvvəlcə Albaniyada üsyan olur, yəni atasının milləti üsyan edir. Akifdə ilk ruh düşkünlüyü o vaxt yaranır. Daha sonra Məkkədə Şərif Hüseynin, yəni ərəblərin üsyanı Akifin xəyalındakı “islam birliyi” idealını iflas etdirir. Türkiyə əldən getmək üzrəykən “islam birliyi” idealının mümkün olmayacağını görür. Həqiqətən, bizim o xaosdan çıxmağımız bir möcüzədir. Ona görə də müəyyən müddətdən sonra Mehmet Akifin şeirlərində türkçülük vurğusu hiss edilir. “İstiklal marşı”nda da o cürdür. “Yırtarım dağları enginlere sığmam taşarım” - birbaşa Ergenekon əfsanəsinə işarədir. “Kahraman ırkıma bir gül, ne bu şiddet bu melal” - deyir. “Sırat-ı müstakim”dəki yazılarında türk tarixini 5 min il o tərəfə aparır. 5 min illik tarixdə heç vaxt əsir olmayan bir millətin yenə o xaosdan öz gücü və imanıyla çıxacağını yazır. Bunu açıq şəkildə ifadə edir.

- Məhəmməd Əmin Rəsulzadə 1911-ci ildə İrandan İstanbula gəldikdən sonra “Türk Ocakları”nın fəaliyyətində iştirak edib. İstər “Türk Ocakları”nın yaradıldığı dönəmdə, istərsə də sovet işğalı nəticəsində 1923-cü ildə Türkiyəyə gəlməsindən sonra Hüseynzadə və Ağaoğlunun Məhəmməd Əmin Rəsulzadə və digər azərbaycanlı mühacirlərlə əməkdaşlıqlarına dair nə deyə bilərsiniz?

- Onların münasibəti barədə dərin məlumatım yoxdur, xüsusi şəkildə aradırmağım lazımdır. Bunu deyə bilərəm ki, Mehmet Akiflə Ağaoğlunun dostluğu axıra qədər davam etdi. Ankarada da yaxın dost idilər. Ancaq bəzi təməl nöqtələrdə aralarında fikir ayrılıqlarının olduğu da məlumdur.

- O təməl nöqtələrdəki fikir ayrılıqları nələr idi?

- İslama daha yaxın durmaq baxımından...

- İslama Ağaoğlu daha yaxın dururdu, yoxsa Mehmet Akif?

- Təbii ki, Mehmet Akif. Məclisdə Akif müxalif ikinci qrupda, Ağaoğlu isə birinci qrupda idi. Birinci və ikinci qruplar arasında fikir ayrılıqları olmasına baxmayaraq, Məclisin ümumi mənzərəsi demokratik idi, yəni hər dünyagörüşü o vaxtkı Məclisdə vardı və “İstiklal marşı”nı da o Məclis qəbul etmişdi, ona görə milli konsensusun mərkəzi sayılırdı.

- Həmdullah Sübhi Tanrıövərin Məhəmməd Əmin Rəsulzadəylə dostluğu barədə araşdırmalarınız oldumu?

- Yox. Amma Həmdullah Sübhi Türkçülüyün liderlərindən biriydi. Bilirsiniz ki, Buxarestdə səfir olanda, xüsusilə xristian türklər olan qaqauzlarla yaxından maraqlanıb. Buxarestdə Avropadakı Azərbaycan mühacirətiylə qurduğu yaxın münasibət onun idealının bir parçasıydı. Məhəmməd Əmin Rəsulzadə ilə də o duyğularla yaxın dostluq yaratdığını təxmin edirəm. Mənim Həmdullah Sübhiylə bağlı xeyli araşdırmam var, bundan sonra Rəsulzadəylə münasibətlərini daha dərindən araşdıracağam. O dönəmdə yaxşı təhsil görmüş nə qədər ziyalı var idi ki? Hamısı bir-birini tanıyırdı, dostluqları vardı, dost olmayanda da çox mədəni şəkildə rəqib olurdular. Mədəni şəkildə müzakirə aparan, mübahisələr edən, fikirləri uyğun gəlməyəndə bir-birlərinə son dərəcə sayğıyla yanaşan gerçək aydınlar idilər.

- İttihad və tərəqqi hökumətinin Turan idealının praktik şəkildə həyata keçirdiyi ilk örnək 28 may 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin elan edilməsi olub. Əhməd Ağoağlunun o vaxt hökumət tərəfindən Gəncəyə göndərildiyi məlumdur...

- Başda Ənvər paşa olmaqla, ittihad və tərəqqi hökumətinin bəzi üzvləri Turan idealı yolunda imkanlarından daha çox iş görməyə çalışsalar da, çökmə vəziyyətində olan bir imperiyanın o sahədə davamlı şəkildə aktiv olması mümkün deyildi. Ancaq ittihad və tərəqqi hökumətinin ilk 5-6 ilində önəmli işlər gördüyünü də bilirik. Murat Bardakçı son kitabında Ənvər paşanın Rusiya, Azərbaycan və Orta Asiyadakı fəaliyyətini geniş şəkildə araşdırıb, xeyli sənəd var. Önəmli kitabdır hər halda, Azərbaycanda da oxunacaq.

- Ənvər paşanın həmləsi olmasaydı, Azərbaycanın öz müstəqilliyini 23 ay da olsa qoruması mümkün olmazdı, Bakı ermənilərdən xilas edilə bilməzdi...

- Təbii, təbii. O vaxtkı proseslər uzundur, ancaq hamısı son dərəcə önəmlidir. Heç olmasa, xalq müstəqilliyin dadını gördü...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR