TQDK: IX-X sinif şagirdlərinin sınaq imtahanlarında iştirakı tövsiyə olunmur

TQDK: IX-X sinif şagirdlərinin sınaq imtahanlarında iştirakı tövsiyə olunmur
# 02 mart 2016 12:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 3, 10, 24 aprel və 8 may tarixlərində ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bütün rayonları əhatə edəcək sınaq imtahanları Azərbaycan və rus bölmələri üzrə ayrı-ayrılıqda aparılır.

Bildirilir ki, sınaq imtahanına yazılış yalnız elektron qaydada aparılır: “İmtahana yazılmaq üçün abituriyent əvvəlcə ödəmə kartını əldə etməlidir. Daha sonra isə TQDK-nın rəsmi internet saytında qeydiyyatdan keçməlidir. Qəbul imtahanı proqramına uyğun şəkildə keçiriləcək sınaq imtahanında abituriyentlər öz bilik səviyyəsini yoxlayır, imtahan texnologiyası ilə tanış olur və imtahanlara psixoloji cəhətdən hazır olur. Bu baxımdan sınaq imtahanı əsasən cari ilin məzunları üçün nəzərdə tutulur. Amma təcrübə göstərir ki, sınaq imtahanına yazılanların yalnız 81 faizi bu il qəbul imtahanlarında iştirak edəcək abituriyentlərdir”.

Qeyd olunur ki, 3 aprel sınaq imtahanına yazılanların 17 faizi X sinif, 2 faizi IX sinif şagirdləridir: “Sınaq imtahanına ayrılan yerlərin orta məktəb məzunları üçün nəzərdə tutulduğunu və aşağı sinif şagirdlərinin orta məktəb proqramını tam başa çatdırmadığından onlarda psixoloji gərginlik yaradacağını nəzərə alaraq IX və X sinif şagirdlərinin bu imtahanlarda iştirakı tövsiyə olunmur. Bundan əlavə sınaq imtahanları bir ay davam edir. Bir həftə ərzində abituriyentin bilik səviyyəsində ciddi dəyişiklik olmayacağını nəzər alsaq onların hər həftə davamlı olaraq sınaq imtahanlarında iştirak etməsi vacib deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR