General-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə bağlı tədbir keçirilib

General-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə bağlı tədbir keçirilib
# 30 yanvar 2018 09:37 (UTC +04:00)

Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 ilik yubileyi ilə bağlı tədbir keçirilib.

APA-nın xəbərinə görə, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, T. Ağahüseynov Azərbaycanın hərb tarixində layiqli yer tutur.

Polkovnik qeyd edib ki, general-polkovnik T.Ağahüseynov SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə çalışıb: "Tofiq Ağahüseynov Azərbaycanın müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyevin hərbi məsələlər üzrə köməkçisi kimi bu sahənin inkişafında, ordumuzun qurulmasında xidmətlər göstərib".

Daha sonra müdafiə nazirinin müavini, general - leytenant Kərim Vəliyev müdafiə naziri general - polkovnik Zakir Həsənovun yubliyara təbriklərini çatdırıb. Həmçinin, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Milli Qəhrəman, general-leytenant Mədət Quliyevin təbrik məktubu oxunub.

General-polkovnik T. Ağahüseynov deyib ki, orduda 46 il xidmət edib: "Mənim general kimi formalaşmağımda Heydər Əliyev aparıcı rol oynayıb. O, həmişə mənim taleyimlə maraqlanır, hər cür kömək edirdi".

Tədbir çıxışlarla davam etdirilib.

Qeyd edək ki, T. Ağahüseynov 1923-cü il fevralın 1-də Şəkidə anadan olub.

1941-ci ilin sentyabrında Bakı Zenit Artilleriya Məktəbinə daxil olan T. Ağahüseynov qısa müddət sonra leytenant rütbəsi alaraq cəbhəyə yola düşüb.

T. Ağahüseynov 1968-ci ildə general-mayor, 1972-ci ildə isə general - leytenant rütbəsi alıb. 1980-ci ildə T. Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsini alan ilk azərbaycanlı olub. General 1982-ci ildə Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin edilib.

Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə T. Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunub və general-polkovnik rütbəsində Azərbaycan Ordusu sıralarına bərpa edilib.

Ölkə veteranları 12 sentyabr 2017-ci ildə onu Respublika Veteranlar Təşkilatının sədri seçiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR