461 məcburi köçkün ailəsi yeni binalara köçürülüb

461 məcburi köçkün ailəsi yeni binalara köçürülüb
# 03 aprel 2018 09:11 (UTC +04:00)

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə Heydər Əliyev Fondunun vəsaiti hesabına Xətai rayonu ərazisində yeni binalar alınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin 14 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq Dövlət Komitəsinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən 461 məcburi köçkün ailəsinin yeni binalara köçürülməsi prosesi başa çatdırılıb.

Köçürülmə prosesi başa çatdıqdan sonra yeni binalara köçürülmüş məcburi köçkünlərin müvəqqəti qeydiyyatları müxtəlif şəhər və rayonlarda olduğu, həmçinin bəzi məcburi köçkünlərin “məcburi köçkün” vəsiqələrinin olmadığı, onların yeni yaşayış sahələri üzrə müvəqqəti qeydiyyata götürülməsi və digər bu kimi çoxsaylı məsələlərdə yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə baş nazirin müavini, Dövlət Komitəsinin sədri Əli Həsənovun müvafiq əmri ilə komissiya yaradılıb. Dövlət Komitəsinin aidiyyatı struktur bölmələrinin məsul əməkdaşlarının tərkibinə daxil edildiyi komissiyaya yeni binalara köçürülmüş məcburi köçkünlərin qeydiyyatının təmin edilməsi məqsədilə qısa vaxt ərzində onların əvvəllər müvəqqəti qeydiyyatda olduqları rayonların icra hakimiyyətlərini və Komitənin bütün rayonlar üzrə sektorlarını da bu işə cəlb etməklə qeydiyyat kartlarının alınmasını, eyni zamanda həmin kartların Xətai rayon sektoru tərəfindən yerində təsdiq edilməsini, həmin məcburi köçkün ailələrinin elektron formada və təsdiq edilmiş qaydada adlı siyahılarının dəqiqləşdirilməsini və Komitəyə təqdim olunmasını, məcburi köçkünlərin vəsiqələrlə təmin edilməsini və digər zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR