FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin AFAD mütəxəssislərinin iştirakı ilə təlimi keçirilib - VİDEO

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin AFAD mütəxəssislərinin iştirakı ilə təlimi keçirilib  - VİDEO
# 04 iyun 2024 14:39 (UTC +04:00)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə və beynəlxalq humanitar əməliyyatlara hazırlıq məqsədilə 27-31 may 2024-cü il tarixlərində Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) şəxsi heyətinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşlarının və Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mütəxəssislərinin iştirakı ilə paytaxtın Türkan və Hövsan qəsəbələrinin ərazisində taktiki-xüsusi təlim keçirilib.

APA xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Əvvəlcə, taktiki-xüsusi təlimə hazırlıqla bağlı tədbir keçirilib, məqsəd və vəzifələr müzakirə olunub. Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev gecə və gündüz saatlarında reallaşdırılacaq taktiki-xüsusi təlim zamanı görülməsi vacib olan məsələlərdən danışıb, ekspertlərin bu təlimdə iştirakının əhəmiyyətini vurğulayıb. Türkiyəli mütəxəssislər – AFAD-ın INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrup rəhbəri Berkant Tahsin Ataay, INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupun üzvü, BAXD mentoru Haluk Önay Erten, INSARAG və Milli axtarış-xilasetmə standartları üzrə işçi qrupun üzvləri Ramazan Yerli, Murat Balcı və Ergün Çetin təlimin beynəlxalq axtarış-xilasetmə formatına uyğun keçirilməsi üçün müvafiq tövsiyyələrini verərək əməliyyatlar üzrə idarəetmə sistemlərindən istifadə qaydaları və imkanları barədə təlim iştirakçılarına ətraflı bəhs ediblər.

Daha sonra təlimə start verilib. 36 saat ərzində fasiləsiz olaraq davam edən taktiki-xüsusi təlim zamanı əsas fəaliyyət zəlzələ və daşqın kimi təbii fəlakətlər nəticəsində zərər görmüş tikililərin dağıntıları altından zərərçəkmişlərin xilas olunması, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyyə, eləcə də ərazidə qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi, müvafiq qərarların qəbul edilməsi üzrə prosedurların tətbiqi reallaşdırılıb. Dəstənin idarə heyətinin beynəlxalq axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahəsində bilik və bacarıqlarının artırılması da qarşıya qoyulan əsas məqsədlərdən olub.

Təlim vaxtı, o cümlədən gecə saatlarında həyata keçirilən beynəlxalq humanitar əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması diqqət mərkəzində olub.

Taktiki-xüsusi təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimi Türkiyədən olan Qiymətləndirmə qrupu tərəfindən yaxından izlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR