Azərbaycanda təhsil alan doktorant və aspirantların sayı açıqlanıb

Azərbaycanda təhsil alan doktorant və aspirantların sayı açıqlanıb
# 21 dekabr 2016 10:00 (UTC +04:00)

Azərbaycanda təhsil alan doktorant və aspirantların sayı açıqlanıb. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında bildirib ki, 1990-cı illə müqayisədə bu il aspirant və doktorantların sayı 2 dəfədən çox artaraq 2875 nəfərə çatıb. Onun sözlərinə görə, hazırda Azərbaycanın müxtəlif elmi müəssisələrində 33 min şəxs elmi tədqiqatlarla məşğul olur. M.Cabbarov qeyd edib ki, universitetlər gənclərin elmi-tədqiqatlarla məşğul olmasına, xarici dil öyrənməsinə imkan yaratmalıdır.

Nazir ötən dövr ərzində ali məktəblərin sayının artdığını da qeyd edib: “Əvvəl universitetlərin sayı 17 idisə, indi onların sayı 51-dir. Ali məktəblərə qəbul olanların sayı da 2016-cı ildə 1990-cı ilə nisbətən 2 dəfəyə yaxın artıb. Gələcəkdə ali təhsil alan tələbələrin sayının daha da artacağını güman edirik. Azərbaycanda milli ali təhsil sisteminin inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdəndir”.

Təhsil naziri son 3 ildə ümumi təhsilin keyfiyyət göstəricilərində yüksəliş əldə olunduğunu qeyd edib. Onun sözlərinə görə, bu, ali məktəblərə qəbulun göstəricilərinə də təsir edib və son 3 ildə 500-dən çox bal toplayan abituriyentlərin sayı 19 faiz, 600-dən çox bal toplayan abituriyentlərin sayı 32 faiz artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR