Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibində dəyişiklik edilib

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibində dəyişiklik edilib
# 31 yanvar 2020 14:50 (UTC +04:00)

Nazirlər Kabineti “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qərar qəbul edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Şuranın tərkibi 15 nəfərdən 26 nəfərədək artırılıb.

Yeni tərkibə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev, Səhiyyə nazirinin müavini Rahim Əliyev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Təhsil nazirinin müavini Firudin Qurbanov, Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Müdafiə Sənayesi nazirinin müşaviri Rövşən Əhmədov, Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor İqbal Babayev, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Balarəhim Quliyev, “Azərkosmos”Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini” Rövşən Rüstəmov daxil edilib.

Əvvəlki tərkibdən AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əminağa Sadıqov, AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli, AMEA-nın birinci vitse-prezidenti İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva, AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, AMEA-nın Gəncə bölməsinin sədri Fuad Əliyev, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru Əhliman Əmiraslanov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi Heydər Piriyev şurada saxlanılıb.

Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, AMEA-nın eks-prezidenti Akif Əlizadə isə şuranın tərkibindən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR