"Son dövrlər Avropa Birliyinə ixrac olunan fındıqda aflatoksinin aşkarlanma halları artıb".
APA-nın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu ilin ötən dövrü ərzində 49 fındıq partiyasında aflatoksin aşkarlanıb. İki partiyaya isə Avropa Birliyi tərəfindən notifikasiya göndərilib: "Aparılmış araşdırmalara əsasən, aflatoksinin aşkarlanmasının səbəbləri təsərrüfatlardan fındıqların vaxtından əvvəl yığılması və nəmlik tələblərinə uyğun olmayan şəraitdə saxlanması, bəzi emal müəssisələrində məhsulların açıq hava şəraitində saxlanması, çeşidləmə zamanı müasir texnologiyaların tətbiq edilməməsi, habelə iqlim amilləri ilə bağlıdır”.
Agentlik sədri deyib ki, aflatoksinin miqdarı 8-15 arası olduqda çeşidləmə, 15-dən artıq olduqda bitki yağı istehsalı üçün rafinasiya edilməlidir.