Saxta rus pulu dövriyyədən çıxarılıb

Saxta rus pulu dövriyyədən çıxarılıb
# 02 may 2018 10:22 (UTC +04:00)

Azərbaycanda xeyli miqdarda saxta rus pulu dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 1-də saat 21 radələrində Qazax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Birinci Şıxlı kənd sakini N.Əhmədov bir qədər əvvəl İkinci Şıxlı kəndi ərazisində naməlum şəxsin ona 21 600 rubl saxta əsginas verərək 560 manatını aldığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin sərnişin qismində mindiyi “Mercedes” markalı avtomobil müəyyən edilib. Həmin nəqliyyat vasitəsi müraciətdən 1 saat sonra Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisindəki postunda yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Saxta əsginasları verməkdə şübhəli bilinən Masallı rayon sakini Azad Atəmli Qazax RPŞ-nin əməkdaşlarına təhvil verilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR