Gələn həftə Bakıda beynəlxalq qida sənayesi sərgisi keçiriləcək

Gələn həftə Bakıda beynəlxalq qida sənayesi sərgisi keçiriləcək
# 08 may 2012 10:32 (UTC +04:00)
«Iteca Caspian» şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, sərgidə 22 ölkədən 120 şirkətin iştirak edəcəyi gözlənilir. Sərgi sahəsinin 40%-i sərginin daimi iştirakçıları tərəfindən tutulacaq. Bununla yanaşı, sərgidə ilk dəfə Səudiyyə Ərəbistanı, Əfqanıstan, Braziliya, Misir və Serbiya şirkətləri iştirak edəcək.

«WorldFood Azerbaijan-2012» sərgisi bir meydançada «WorldFood», «WorldDrink» və «WorldFoodTech» kimi tematik sərgiləri bir araya gətirməklə qida sənayesinin faktiki olaraq bütün sahələrini əhatə edəcək. Ümumilikdə isə sərgidə mal və quş əti, konservləşdirilmiş ərzaq, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, habelə qida sənayesinin müxtəlif sahələri, supermarketlər, laboratoriya təhlilləri və s. üçün avadanlıqlar nümayiş olunacaq.

«WorldFood Azerbaijan-2012» ilə bərabər VI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı «AgriHort Azerbaijan» və I Xəzər Beynəlxalq «Qablaşdırma, Tara, Etiket və Poliqrafiya» («IPACK Caspian») sərgiləri keçiriləcək.

Sərgiyə eyni zamanda Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Serbiya, Almaniya, Norveç, Belçika, Niderland və digər ölkələr qatılacaq.

Qeyd edək ki, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin rəsmi onlayn informasiya tərəfdaşı APA İnformasiya Agentliyidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR