Azərbaycanda bank olmayan kredit təşkilatların aktivlərində artım müşahidə olunur

Azərbaycanda bank olmayan kredit təşkilatların aktivlərində artım müşahidə olunur
# 08 may 2014 10:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 551,16 mln. manat olub ki, bu da ötən ilin eyni dövründəkindən 34,4% və ya 141,28 mln. manat çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin I rübü ilə müqayisədə hesabat dövründə BOKT-ların məcmu nizamnamə kapitalı 21,7 mln. manat və ya 34,6% artaraq 84,44 mln. manata çatıb.

BOKT-ların filiallarının sayında da artım var. Belə ki, əgər 2013-cü ilin I rübündə BOKT-ların 116 filialı var idisə, bu ilin aprelin 1-nə filialların sayı 203-ə çatıb.

2013-cü ilin I rübü ilə müqayisədə bu ilin müvafiq dövründə Azərbaycanda Kredit İttifaqlarının nizamnamə kapitalı 30,6% artıb. Başqa sözlə, ittifaqların nizamnamə kapitalı 5,2 mln. manat artaraq 22,25 mln. manata çatıb.

Bu ilin yanvar-mart aylarında kredit ittifaqlarının aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 18% və ya 8,39 mln. manat çox olub. Beləliklə, hazırda kredit ittifaqlarının aktivləri 55,1 mln. manat təşkil edir.

Hesabatdan aydın olur ki, kredit ittifaqları filial yaratmaqda maraqlı deyil.

Beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatlarının nizamnamə kapitalına gəlincə, burda da göstəricilər qənaətbəxşdir. Belə ki, 2013-cü ilin I rübü ilə 2014-cü ilin I rübünü müqayisə edəndə məlum olur ki, kredit təşkilatlarının nizamnamə kapitalı 16,37 mln. manat, aktivləri 127,43 mln. manat, filiallarının sayı isə 87 ədəd artıb. Başqa sözlə, aprelin 1-nə kredit təşkilatlarının nizamnamə kapitalı 43,48 mln. manat, aktivləri 464,12 mln. manat, filiallarının sayı isə 191-dir.

Digər bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalı və aktivlərində cüzi də olsa artım qeyd alınıb. 2013-cü ilin yanvar-mart aylarında belə təşkilatların nizamnamə kapitalı 18,59 mln. manat, aktivləri isə 26,48 mln. manat olubsa, bu ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 18,71 mln. manat və 31,94 mln. manat təşkil edib. Bu müddət ərzində digər bank olmayan kredit təşkilatlarının filiallarının sayında dəyişiklik müşahidə edilməyib. Əvvəl olduğu kimi indi də digər bank olmayan kredit təşkilatlarının 12 filialı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR