Saloniki şəhərinin meri: “Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığımız davamlı olacaq”

Saloniki şəhərinin meri: “Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığımız davamlı olacaq”
# 12 noyabr 2013 14:02 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakıda Yunanıstanın Saloniki şəhərinin meri İoannis Boutarisin iştirakı ilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, təbirdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib. O bildirib ki, Salonki merinin Azərbaycana səfəri böyük önəm daşıyır: “Saloniki şəhəri 2014-cü il Avropanın Gənclər paytaxtı seçilib. Azərbaycanla bu sahədə əməkdaşlığın inkişafı və Azərbaycanın da bu layihəyə qatılması tədbirin əsas mövzusudur”.

N. Səmədovun sözlərinə görə, ötən il Azərbaycanda 3,8 milyon nəfər turizm məqsədilə ölkəni tərk edib: “Gələn isə Azərbaycanda Beynəlxalq Turizm Forumu keçiriləcək. Həmin foruma 30-dan çox ölkədən qonaqların gəlişi gözlənilir”.

Nazir müavini deyib ki, Azərbaycan çalışır ki, Avropa ölkələri ilə viza sistemi aradan qaldırılsın: “Bilirik ki, Yunanıstanda maddi problemlər var. Salonikinin 2014-cü il üçün gənclər paytaxtı seçilməsi turizmin inkişafına səbəb olacaq”.

Saloniki şəhərinin meri İ. Boutarisin də Azərbaycanda səfərdə olmaqdan böyük məmnunluq duyduğunu bildirib: “Bizim şəhərimizin 2014-cü il gənclər paytaxtı seçilməsi gənc vətəndaşların bir sıra problemlərinin aradan qaldırılmasına yardımçı olacaq. Bizim Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığımız davamlı olacaq. Mədəniyyət ilə bağlı tədbirlərimizdə biz hər zaman sizin də nazirliyinizin iştirakını gözləyirik”.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəvəti ilə baş tutan səfər çərçivəsində Saloniki şəhərinin meri İoannis Boutarislə yanaşı, Bələdiyyənin turizm məsələlərinə məsul müşaviri Spyridon Pengas , merin köməkçisi Eleni Sotiriou və “Avropa Gənclər paytaxtı 2014”ün koordinatoru Charalampos Papaioannou da Azərbaycanda səfərdədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR