Kreml: İranla Rusiya arasında “svop sazişi” BMT qanunları əsasında olacaq

Kreml: İranla Rusiya arasında “svop sazişi” BMT qanunları əsasında olacaq
# 11 aprel 2014 13:10 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Rusiya ABŞ-ın təhdidlərinə cavab verib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, İranla Rusiya arasında imzalanması planlaşdırılan xam neft qarşılığında əmtəə və avadanlıq mübadiləsinə dair müqavilə BMT-nin qanunları əsasında olacaq: “İranla hər hansı neft barteri müqaviləsi ABŞ-ın bu ölkəyə qarşı tətbiq etdiyi sanksiya qaydalarına deyil, BMT-nin qanunlarına uyğun olaraq həyata keçiriləcək. Biz BMT-nin qərarlarına və bəzi sanksiyalarına, xüsusilə bir sıra məhsullarla bağlı qadağalarına əməl edir və ona uyğun addım atırıq. Burda bir incə məqam var. Belə ki, amerikalı tərəfdaşlarımızın özlərinə məxsus qanunları var. Bu da BMT-nin qanunları ilə bir qədər fərqlidir və onlar da öz qanunlara görə hərəkət edirlər”.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı bildirib ki, İran və Rusiya xam neft qarşılığında əmtəə və avadanlıq mübadiləsinə dair müqavilənin imzalanması barədə artıq razılaşma əldə edərlərsə, rəsmi Vaşinqton Tehrana qarşı əlavə iqtisadi sanksiyalar həyata keçirə bilər: “Biz ciddi və diqqətli şəkildə müzakirə aparmaqdayıq. Ona görə də hələ də İrana qarşı sanksiyaları davam etdiririk. Ancaq bu cür müqavilə ötən il Cenevrədə imzalanmış razılaşmanı pozur və İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinə gətirib çıxara bilər”.

Eyni zamanda ABŞ-ın maliyyə naziri Ceykob Lyu deyib ki, Moskva və Tehran arasında “svop sazişi” imzalanacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər: “Rusiya və İran arasında bağlanacaq saziş “altılıq” ilə Tehran arasında əldə olunmuş razılaşmaya ziddir”.

Xatırladaq ki, İranla Rusiya arasında böyük bir neft müqaviləsi imza mərhələsindədir. Rusiyaya xam neft ixracı müqabilində İrana əmtəə və avadanlıqlar mübadiləsinə dair razılaşmanın dəyərinin 15-20 mlrd. dollar olduğu bildirilir. Artıq tərəflər arasında ilkin razılaşmanın əldə olunduğu, bütün sənədlərin Rusiyaya göndərildiyi və yalnız neftin qiyməti ilə bağlı danışıqların getdiyi vurğulanır. Məlumatda həmçinin müqavilənin müddətinin 2-3 illik olduğu və ilkin mərhələdə 6-8 mlrd. dollar həcmində neft-əmtəə mübadiləsinin həyata keçirilməsinin planlaşdırıldığı qeyd edilib. İran Rusiyadan idxal edəcəyi məhsulların əvəzində bu ölkəyə gündəlik 500 min barel xam neft ixrac edəcək. Bunun da 300 min bareli Xəzər dənizi, qalan hissəsi isə Bəndər Abbas limanından Fars körfəzi vasitəsilə göndəriləcək. Hətta İranın Rusiyaya ixrac edəcəyi xam neftin qiyməti dünya bazarındakı qiymətlərdən bir neçə dollar aşağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR