Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər üzrə dövlət nazirini qəbul edib

Elmar Məmmədyarov BƏƏ-nin xarici işlər üzrə dövlət nazirini qəbul edib
# 02 aprel 2015 14:54 (UTC +04:00)

Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaşı qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

E. Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Ə. Qarqaş Azərbaycanın dinamik inkişafını məmnunluqla izlədiklərini deyərək ölkələr arasında iqtisadi, ticarət, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu söyləyib.

E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verib və Ermənistanın destruktiv, işğalçı siyasətinin münaqişənin həllinə başlıca mane olduğunu vurğulayıb. Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin qəbuledilməz olduğunu deyən nazir münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. O, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyət, demoqrafik vəziyyətin dəyişdirilməsi və Azərbaycan xalqına aid maddi-mədəni irsin, o cümlədən İslam dini abidələrinin məhv edilməsi barədə məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər barəsində fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR