- PAŞA Həyat üçün sosial məsuliyyət nə deməkdir? Bu istiqamətdə strategiyanız necə qurulub?
- Həyat sığortası mahiyyətcə insanın bu gününə və sabahına verilmiş sözdür. Bu sözü yalnız müqavilə ilə
deyil, cəmiyyətdə gördüyümüz işlə də tutmalıyıq. Bu il həyata keçirdiyimiz “Güclüsən” layihəsi də, bu
çempionata dəstəyimiz də həmin strategiyanın davamıdır. Biz tək-tək tədbirlər deyil, ardıcıl və
uzunmüddətli təsir yaratmağa çalışırıq.
- Niyə məhz eşitmə məhdudiyyətli idmançıların çempionatı?
- Çünki inklüzivlik sözlə deyil, imkan yaratmaqla olur. Bu idmançılar peşəkar idmanın bütün tələblərini
qarşılayır: eyni məşq yükü, eyni intizam, eyni qələbə əzmi. Lakin onların uğurları çox vaxt daha az
görünür. Cüdo isə hörmət, dözümlülük və özünə inam idmanıdır. Bu dəyərlər bizə çox yaxındır. Baş
sponsor olmaqla bu idmançıların səsini daha geniş auditoriyaya çatdırmaq istəyirik.
- Sponsorluq nələri əhatə edir?
- Biz çempionatın baş sponsoruyuq və təşkilatçıları yarışın yüksək səviyyədə keçirilməsində
dəstəkləyirik. Amma bizim üçün əsas olan maddi töhfə deyil, iştirakdır. Bağlanış mərasimində medalları
qaliblərə biz təqdim edəcəyik. Əməkdaşlarımız da tribunalarda olacaq və idmançıları dəstəkləyəcək.
- Bu çempionatın Bakıda keçirilməsi nə ifadə edir?
- Azərbaycan artıq böyük beynəlxalq yarışların etibarlı ev sahibidir. Avropa miqyaslı bu çempionatın
Bakıda keçirilməsi ölkəmizin inklüziv idmana açıq olduğunu da göstərir. Bizim üçün bu prosesin bir hissəsi
olmaq qürurvericidir.
- Bu istiqamətdə gələcək planlarınız nədir?
- Bu çempionat bizim üçün birdəfəlik təşəbbüs deyil. Məqsədimiz odur ki, idmanın və sağlam həyatın
imkanları hər kəs üçün bərabər olsun.
- Azərkeşlərə nə demək istərdiniz?
- Noyabrın 11–12-də Bakı Əl Oyunları Sarayında idmançılarımızı birlikdə dəstəkləyək. Bu yarışda alqışı
eşitmək olmur, amma görmək olur. Doluluq, bayraqlar, əl hərəkətləri idmançılara ən böyük dəstəkdir.