İqtisadiyyat və sənaye naziri Yevlaxda vətəndaşları qəbul edib

İqtisadiyyat və sənaye naziri Yevlaxda vətəndaşları qəbul edib
# 01 may 2015 13:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu bu gün Yevlaxda keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda Bərdə, Göygöl, Goranboy və Yevlax rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan 70-ə yaxın vətəndaş müraciət edib. Qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətləri Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapmış, digər müraciətlərin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlər aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq, istixana təsərrüfatının, iri heyvandarlıq kompleksinin, kiçik ailə fermer təsərrüfatının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da Ş. Mustafayev tərəfindən qəbul edilib, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR