Səfurə Əlizadə İsveç şirkəti ilə əməkdaşlığa son qoyub - FOTOSESSİYA

Səfurə Əlizadə İsveç şirkəti ilə əməkdaşlığa son qoyub - <font color=red>FOTOSESSİYA</font>
# 18 iyul 2012 08:04 (UTC +04:00)
İfaçı “Paradise” mahnısına çəkilən klipi təqdim edib

Bakı. Ülkər Rəşidqızı – APA. “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və beşincilik qazanan Səfurə Əlizadə “Paradise” mahnısına çəkdirdiyi klipini təqdim edib. APA-nın məlumatına görə, çəkilişləri İsveçdə “Cinemavision” şirkəti tərəfindən aparılıb. S. Əlizadə deyib ki, şirkət vaxtilə onun Avropada ikinci işi olan “March on” mahnısını da ekranlaşdırıb.

“Paradise” Səfurə Əlizadənin Avropada üçüncü işidir. Mahnının müəllifləri Ayan Əlyeva və Endri Sulaj, aranjemançısı isə Elvin Musayevdir. İfaçı bildirib ki, hazırda klipin xarici telekanallarda nümayişi üçün danışıqlar gedir.

Klipinin təqdimat mərasimində məlum olub ki, Səfurə “Eurovision” müsabiqəsində iştirakından dərhal sonra işbirliyinə dair müqavilə imzaladığı İsveç şirkəti ilə əməkdaşlığa son qoyub. S. Əlizadə deyib ki, bu qərarı o özü verib: “Həmin şirkət mənim hər addımımı izləyirdi və hər şeyə görə onlardan icazə almalı idim. Hətta mənim Azərbaycana gəlməyimə icazə verilmirdi. Jurnalistlərə müsahibələri, sizlərlə hər görüşümü onlarla məsləhətləşib razılaşdırmalı idim. Adicə “Facebook” sosial şəbəkəsindən istifadəyə icazə verilmirdi. Mən İsveçdə tək qalırdım və bu, çox çətin idi. Azərbaycana gəlmədən, ailəmi görmədən bacarmazdım. O səbəbdən də İsveç şirkəti ilə müqaviləni bitirdim və əməkdaşlığa son qoydum”.

S. Əlizadə bildirib ki, şirkətlə əməkdaşlığa son qoyması onun İsveçlə bütün əlaqələrinin pozulması demək deyil. Belə ki, “Eurovision” hiti olan “Drip drop”un müəllifi Stefan Örn azərbaycanlı ifaçıya hər zaman dəstək olacağını deyib. Yeni mahnısı üzərində işlədiyini söyləyən Səfurə, bu mahnısına klip çəkdirməyi də planlaşdırır.

Təqdimat mərasimindən sonra Səfurə Əlizadə onu təbrikə gələn sənət dostları, eləcə də yaxınlarına kiçik solo konsert verib. İfasına “Drip drop”la başlayan müğənni, sonda “Sarı gəlin” xalq mahnısını özünəməxsus şəkildə ifa edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR