Bakıda «Azərbaycanda orta təbəqə: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilib - FOTOSESSİYA

Bakıda «Azərbaycanda orta təbəqə: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 24 oktyabr 2012 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Dünya Bankının birgə təşkilatçılığı ilə «Azərbaycanda orta təbəqə: sosial, iqtisadi, siyasi dinamika və perspektivlər» mövzusunda beynəlxalq konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov mərkəzin fəaliyyəti, son 20 ildə aparılan təhqiqatlar və ölkə iqtisadiyyatında orta təbəqənin rolundan danışıb.

Konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycanda qısa bir müddət ərzində iqtisadi sistem yaradılıb və ölkə iqtisadiyyatında belə bir qısa vaxt ərzində özəl sektorun payı 80%-dən çox təşkil edib, halbuki bir çox ölkələrdə bu proses daha çox vaxt aparıb. Hazırda ölkədə orta təbəqənin tam formalaşmadığını bildirən Z.Səmədzadə bu problemin aradan qaldırılması üçün onilliklərin tələb olunduğunu qeyd edib. Bu məsələ həll olunsa, ölkədə yoxsulluq bir qədər də azalacaq, ölkə iqtisadiyyatının uzunmüddətli inkişafı təmin olunacaq.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov ölkənin iqtisadi inkişafından danışıb və qeyd edib ki, son 8 il ərzində Azərbaycanın qeyri-neft sektoru 2,2 dəfə, ixracı 10 dəfə artıb, yoxsulluğun səviyyəsi isə 6 dəfə azalıb. Orta sinfin iqtisadiyyatda rolundan danışan Z.Qasımov bildirib ki, orta təbəqə nə qədər böyük olarsa, bir o qədər ölkə iqtisadiyyatı inkişaf edər.

Konfransda orta təbəqənin formalaşmasına dair təqdimatla çıxış edən SAM-ın şöbə müdiri Vüsal Qasımlı qeyd edib ki, proqnozlara əsasən, Azərbaycanda orta təbəqənin rifahı 5 ilə daha yaxşılaşacaq. V.Qasımlının sözlərinə görə, orta sinfin genişlənməsində kreativlik əsas rol oynayır.

Tədbirdə çıxış edən Dünya Bankının aparıcı iqtisadçısı və ölkə üzrə sektor əlaqələndiricisi xanım Raşmi Şankar Azərbaycanda yoxsulluq səviyyəsinin azaldılmasını yüksək qiymətləndirib və qeyd edib ki, yaxın bir neçə ildən sonra ölkədə adambaşına düşən gəlirin 20 min dollara çatacağı gözlənilir: «Azərbaycan orta təbəqəni genişləndirməlidir və orta sinif gələcəkdə ölkənin inkişafında öz töhfəsini verə biləcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR