Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri «TeliaSonera» şirkətlər qrupunun prezidentini qəbul edib

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri «TeliaSonera» şirkətlər qrupunun prezidentini qəbul edib
# 30 avqust 2012 10:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov «Azercell»in də daxil «TeliaSonera» şirkətlər qrupunun prezidenti Lars Niberqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Ə.Abbasov qonaqlara Azərbaycanda İKT sektorunda həyata keçirilən genişmiqyaslı layihələr barədə məlumat verib. Azərbaycanda genişzolaqlı internetin inkişafı üçün 350 mln. ABŞ dolları vəsait ayrılmasının nəzərdə tutulduğunu qeyd edən nazir, eyni zamanda bildirib ki, bu, ölkə əhalisinin 4G texnologiyaları ilə təmin olunmasında mobil operatorların fəaliyyətini daha da genişləndirəcək.

Şərqlə Qərb arasında informasiya körpüsü təşəbbüsünü ələ alan Azərbaycanda regional İT layihələrinin miqyasının artırılmasının qarşıya məqsəd qoyulduğunu bildirən Ə.Abbasov bu istiqamətdə həm regional infrastruktura, həm də regional informasiya xidmətlərinə investisiya qoyuluşunun nəzərdə tutulduğunu diqqətə çatdırıb: «Bu məqsədlə Azərbaycan prezidentinin sərəncamı ilə cari ilin mart ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu növbəti ilin yanvar ayından etibarən böyük layihələr üçün vəsait ayrılmasına başlayacaq. Yaxın zamanlarda İKT xidmətləri göstərən şirkətlər üçün vergi və gömrük sahəsində Nazirlər Kabinetinin xüsusi güzəştlər təmin etməsi nəzərdə tutulur».

Bunlarla yanaşı, «TeliaSonera»nın Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirən nazir bu şirkətlər qrupuna daxil olan «Azercell Telekom» şirkətinin son illər uğurlarının artmasını və bu nailiyyətlərin ölkə iqtisadiyyatında da xüsusi payı olduğunu vurğulayıb.

Öz növbəsində L.Niberq mobil operatorlar arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin töhfə verəcəyinə əminliyini qeyd edib.

Azərbaycandakı uzunmüddətli fəaliyyətlərinə də toxunan «TeliaSonera»nın rəhbəri Azərbaycanın son dövrlərdə dünya səviyyəsində uğurlara imza atdığını, xüsusilə də «Eurovision-2012» mahnı müsabiqəsinin bütün dünyaya uğurla nümayiş etdirildiyini vurğulayıb. L. Niberq həmçinin, Azərbaycanın 4G texnologiyasının tətbiqi üzrə regionda ilk ölkə olmasını da təqdirəlayiq hal kimi xarakterizə edib.

Görüş zamanı 4G texnologiyaları ilə əlaqədar Azərbaycanda mobil internetə tələbatın çox sürətlə artdığını deyən nazir Ə.Abbasov «Azercell»in qarşısına qoyulan tələblərin öhdəsindən uğurla gəldiyini vurğulayıb. Növbəti ildə mobil internetə olan tələbatın daha da yüksələcəyini nəzərə alaraq, nazir əsas mobil operatorlardan biri kimi «Azercell»in bu istiqamətdə səylərinin bir qədər də artırılmasını vacib sayıb.

Sonda bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək İnternet İdarəçiliyi Forumu barədə də nümayəndə heyətinə məlumat verilib. «TeliaSonera» şirkətlər qrupunun prezidenti xüsusi qonaq qismində Foruma və «BakuTel» sərgi-konfransına dəvət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR