Azərbaycanla Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanla Argentina arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
# 20 aprel 2012 07:28 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharla görüşüb.
Azərbaycanın Argentinadakı səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir Norberto Yauhar kənd təsərrüfatı sahəsində dünyanın aparıcı ölkələrindən biri kimi Argentinanın bu sahədə zəngin təcrübəsindən söz açıb.
Nazir Azərbaycanın yüksək inkişaf tempini və kənd təsərrüfatının inkişafına verilən diqqəti nəzərə alaraq, ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda, bu xüsusda Azərbaycana Argentinanın yüksək texnologiyalarının ötürülməsi, texniki dəstək və məsləhətlərin verilməsi, birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Öz növbəsində M.Əhmədzadə Azərbaycanın yüksək iqtisadi nailiyyətləri, artan maliyyə və iqtisadi imkanları, iqtisadiyyatın şaxələndirilməsi strategiyası və bu xüsusda kənd təsərrüfatı sektorunun inkişafı barədə məlumat verib. Kənd təsərrüfatı sektorunun iki ölkə arasında əməkdaşlığın inkişafında prioritet istiqamətlərdən biri olduğunu vurğulayan M.Əhmədzadə Argentinanın zəngin kənd təsərrüfatı təcrübəsinin öyrənilməsi və müasir innovativ texnologiyalarının Azərbaycana ötürülməsinin ölkəmizdə bu sektorun inkişafına böyük töhfə olacağını deyərək bu istiqamətdə mövcud imkanlardan danışıb.
Görüşdə əməkdaşlığın inkişafı üzrə atılması məqsədəmüvafiq olan addımlar barədə fikir mübadiləsi aparılıb.
Sonra M.Əhmədzadə görüşlə bağlı fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb. Görüş barədə Argentina Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyinin mətbuat xidməti tərəfindən xüsusi videoreportaj (www.youtube.com/watch?v=uxTAHUCATgo) yayımlanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR