Politoloq Rəcəb Səfərov: “Türkiyənin regionda əsas oyunçuya çevrilməsi təhlükəlidir”

Politoloq Rəcəb Səfərov: “Türkiyənin regionda əsas oyunçuya çevrilməsi təhlükəlidir”
# 19 oktyabr 2012 15:59 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Avropa Birliyi (AB) ölkələrinin 15 oktyabrda İrana qarşı tətbiq etdiyi sanksiya paketi ölkəyə böyük zərbə endirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Müasir İranı öyrənən Mərkəzin baş direktoru, politoloq Rəcəb Səfərov “RİA Novosti” beynəlxalq informasiya agentliyində keçirilən “İran-AB ziddiyyətlərinin yeni mərhələsinin dünya geosiyasətinə təsiri” adlı tədbirdə deyib. O bildirib ki, AB-nin son sanksiyası İran hakimiyyətinə deyil, birbaşa İran xalqına qarşıdır: “Bu sanksiya paketi İranla bütün növ ticarətə qadağa qoyur. Sonuncu sanksiya paketinə görə İrandan neft məhsullarının alınmasına qadağa qoyulub. Bu sanksiyanın İranın nüvə siyasəti ilə heç bir əlaqəsi yoxdur. Bu gün İrana qarşı 20 sanksiya paketi qəbul olunub. İran AB-nin presedenti olmayan təzyiqi altındadır. İran qaz ehtiyatlarının həcminə görə dünyada ikinci olsa da, keçən ildən başlayaraq ölkədə qaz hasilatı aşağı düşüb. Artıq Avropa İrandan qaz almır. Bu yaxınlarda Cənubi Koreya və Yaponiya da qaz və neft almağı dayandırdıqlarını bəyan ediblər. Buradan görünür ki, artıq İrana qarşı silahlı hücumdan söhbət gedə bilməz. Qərb artıq İranla bağlı taktikasını dəyişib. Qərbə yaxşı məlumdur ki, İranı silah gücü ilə udmaq olmaz. Ona görə də, onlar İrana qarşı iqtisadi sanskiyalar tətbiq etməklə ölkə daxilində aranı qızışdırmaq istəyirlər”.

R. Səfərov ABŞ-da yeni prezident seçilənə kimi İrana qarşı müharibədən danışmağın mənasız olduğunu söyləyib: “İsrail isə təkbaşına İranla müharibəyə getməz. Bunu İran da yaxşı başa düşür. Bu gün Qərb İranı sanksiyalarla boğaraq daxildə aranı qızışdırmaq istəyir. Qərbin yeganə istəyi İranda hakimiyyətin dəyişməsidir. Gələn il İranda prezident seçkiləri keçiriləcək. Sonuncu, ən ağır sanksiyanın da tətbiq edilməsi bununla bağlıdır. İranda sosial vəziyyəti gərginləşdirməklə xalqı hakimiyyətə qarşı qoymaq istəyirlər. İrana qarşı silahlı gücün tətbiq edilməsinin fayda verməyəcəyi hamıya məlumdur. Ona görə də, ən məqbul vasitə daxildən inqilab yolu ilə hakimiyyəti dəyişməkdir”.

Türkiyə-İran münasibətlərini şərh edən R. Səfərov Türkiyənin Qərbin ideyalarını həyata keçirdiyini söyləyib: “Türkiyənin regionda əsas oyunçuya çevrilməsi çox təhlükəlidir. Bu, bütün regionu təhlükə altında qoyur. Türkiyənin addımları ondan xəbər verir ki, artıq rəsmi Ankara Moskvanı ciddi qəbul etmir. Rusiya buna cavab verməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR