Azərbaycanda qablaşdırma materiallarının sınağı laboratoriyası yaradılacaq

Azərbaycanda qablaşdırma materiallarının sınağı laboratoriyası yaradılacaq
# 13 fevral 2012 13:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Təcrübə-Sınaq Mərkəzində (AzTEST) qablaşdırma materiallarının sınağı laboratoriyası yaradılacaq.
SMPDK-dan «APA-Economics»ə verilən məlumata görə, laboratoriyanın yaradılmasının əsas məqsədi əhalinin gündəlik tələbat ərzaq məhsullarının qablaşdırılması zamanı istifadə olunan plastik materialların tərkibində, həmçinin bu materiallar ilə qidanın uzunmüddətli təmasından yarana bilən fəsadların insan orqanizminə təsiri olan maddələrin təyini və plastik materiallara olan təhlükəsizlik tələblərini müəyyən etməkdir.
Belə ki, saxlama şəraitindən asılı olaraq müxtəlif plastik qablarda saxlanılan qida məhsullarının keyfiyyətində bir sıra dəyişikliklər baş verir. Yaradılması planlaşdırılan laboratoriyada bu dəyişiklikləri izləmək və mövcud vəziyyətə nəzarət etmək mümkün olacaq.
Artıq qablaşdırma materiallarının sınaq metodlarını və laboratoriyanın təşkili qaydalarını öyrənmək məqsədilə Təcrübə Sınaq Mərkəzinin (AzTEST) mütəxəssisləri Türkiyənin İstanbul şəhərində yerləşən Keyfiyyət Sistemi Mərkəzi Laboratoriyasında təlimlərdə iştirak ediblər. Təlimlərdə müxtəlif plastik materialların instrumental struktur analizi, qablaşdırma materiallarından qidaya keçə biləcək maddələrin ümumi və xüsusi miqrasiya sınaqları, həmçinin bu materiallardakı ağır metalların təyini metodları öyrənilib.
Qeyd edək ki, bəzi plastik qablarda olan «Bisfenol A» maddəsinin insan orqanizmi üçün təhlükəli olması onun miqdarının təyinini zəruri edir. Bu təhlükədən sığortalanmaq üçün bəzi ölkələr uşaq əmziklərinin və süni qidalandırma üçün istifadə edilən qabların istehsalında «Bisfenol A»nı yaradan maddələrin istifadəsini qadağan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR