“Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib

“Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib
# 13 avqust 2012 13:03 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın Nazirlər Kabineti “Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə”ni təsdiq edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, sənədə əsasən, pedaqoji şura dövlət məktəbəqədər təhsil müəssisəsinin idarə olunmasının şəffaflığını təmin etmək məqsədi ilə təhsil müəssisəsində tərbiyəçilərlə aparılan metodiki və uşaqlarla təşkil edilən təlim-tərbiyə işləri üzrə mühüm məsələlərə baxılması üçün daim fəaliyyətdə olan ali idarəetmə orqanıdır. Pedaqoji şuranın yaradılması və fəaliyyəti əsasnaməyə uyğun olaraq, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir. Pedaqoji şura uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafının, sadə əmək vərdişlərinə yiyələnməsinin, istedad və qabiliyyətinin üzə çıxarılmasının, sağlamlığının qorunmasının, estetik tərbiyəsinin, təbiətə və insanlara həssas münasibətinin formalaşmasının təmin edilməsini əsas tutaraq tədris prosesini təmin edir. Pedaqoji şura 3 nəfərdən artıq pedaqoji işçisi olan bütün məktəbəqədər təhsil müəssisələrində yaradılır. Şuranın tərkibinə məktəbəqədər təhsil müəssisəsinin rəhbəri (müdiri), tərbiyəçilər, defektoloq, loqoped və musiqi rəhbəri daxildir.
Sənəddə pedaqoji şuranın fəaliyyət istiqamətləri, hüquqları, vəzifələri göstərilib. Şuranın əsas vəzifəsi uşaqlarla aparılan təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək, pedaqoji elmlər sahəsində olan nailiyyətlərdən, yeniliklərdən və qabaqcıl iş təcrübələrindən istifadə etmək, tərbiyəçilərin pedaqoji iş qabiliyyətini yüksəltmək, yaradıcılıqlarını inkişaf etdirmək, məktəbəqədər təhsil müəssisələrində yeni interaktiv təlim metodlarından istifadə üzrə işi təkmilləşdirməkdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR