«Khazar Islands»a yaşayış 2014-cü ildə başlanacaq

«Khazar Islands»a yaşayış 2014-cü ildə başlanacaq
# 08 noyabr 2012 12:06 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında «Khazar Islands» layihəsini inşa edən «Avesta» Konserninin prezidenti İbrahim Nehrəmli bildirib.

Onun sözlərinə görə, artıq layihə çərçivəsində dənizdə 300 ha sahə doldurulub. Hazırda 12-dək binanın tikintisi gedir, onların arasında 10, 22 və 25 mərtəbəli binalar var. Artıq bəzi binalarda tikinti işləri 10-cu mərtəbəyə çatıb. Bu binaların inşası 2013-cü ilin sonunda başa çatacaq, 2014-cü ildə isə burada yaşayış başlanacaq.

Qeyd edək ki, layihə çərçivəsində tikinti işləri mərhələlərlə aparılacaq və 1-ci mərhələdə 5,5 mln. kv. metr sahənin tikintisi nəzərdə tutulub. Artıq 200 min kv. metr sahənin tikintisi başlanıb və işlərin 40%-i yerinə yetirilib. İşlər sürətlə aparılır və bu ilin sonunadək tikinti işləri 500 min kv. metr sahəni əhatə edəcək. Gələn ildən isə tikinti işlərinin aparıldığı sahə hər il 1,5 mln. kv. metr artmalıdır ki, 1-ci mərhələ nəzərdə tutulduğu kimi 2016-cı ildə başa çatsın.

Paralel olaraq şəhər infrastrukturu da qurulur. Layihə çərçivəsində yaradılan adaların sahil xəttinin abadlaşdırılması, yeni bulvarların tikintisi aparılır. İndiyədək 4 km-lik bulvar tikilib. Ümumilikdə, ilk mərhələdə 20 kilometrlik bulvarın və 20 körpünün tikintisi nəzərdə tutulur.

Artıq ilk körpünün tikintisi başa çatmaq üzrədir: 274 metr uzunluğu olan körpünün aşırımı 76 metrdir ki, bu da respublikada ən böyük göstəricidir. Körpünün tikintisi Fransanın şirkəti ilə birgə həyata keçirilir.

Bundan başqa, şəhərdə kommunikasiya və infrastruktur layihələri həyata keçirilir, şəhərə su çəkilir, elektrik xətləri isə artıq çəkilib. Şəhərin girişində hər biri 5 ha olan 2 böyük park salınır. Artıq burada yaşıllaşdırma işləri gedir. Parkların birində 3 stadion və digər idman qurğuları, digər parkda isə uşaq əyləncə qurğuları tikiləcək.

Şəhərdə nəzərdə tutulan 8 yeraltı keçiddən birincisinin tikintisi başlanıb, 7 km uzunluğunda asfalt yol çəkilir.

Bundan başqa, şəhərdə 10 ədəd restoran tikilməlidir. Layihədə ilk obyektlərin açılışı may ayına, çimərlik mövsümü ərəfəsində nəzərdə tutulub. Həmin vaxt işə düşən restoranlarla yanaşı, 1 min nəfərlik çimərlik də fəaliyyətə başlayacaq. Bu çimərlik demək olar dənizin ortasında, sahil xəttindən 2,5 km məsafədə yaradılacaq. Artıq bir neçə böyük hovuzun tikintisi, qum qatının yaradılması işləri də başa çatıb. «Khazar Islands» yeni şəhərini icra hakimiyyətinin təməli də may ayında qoyulacaq.

İ.İbrahimov bildirib ki, hazırda layihənin tikinti işlərində 2 min nəfər çalışır, amma işləri nəzərdə tutulan qrafiklə aparmaq üçün onların sayını 5 dəfə artırmaq və 10 minə çatdırmaq lazım gələcək. Bundan başqa, yaşıllaşdırma, abadlaşdırma, təmir işlərinə isə azı 20 min nəfər cəlb olunmalıdır: «Yəni, ümumilikdə burada azı 30 min nəfər çalışmalıdır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR