Piyadanı vuran avtobus sürücüsünə bəraət verilib

Piyadanı vuran avtobus sürücüsünə bəraət verilib
# 08 yanvar 2016 10:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nizami rayon Məhkəməsində yol-nəqliyyat qəzası törədən Camaləddin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Ceyhun Yusifovun APA-ya verdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən C. Həsənova ittiham olunduğu Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə bəraət verilib. Digər ittiham olunduğu 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, ötən il may ayında 171 saylı avtobus Ruslan adlı şəxsi “Koroğlu” metro stansiyasının yaxınlığında vuraraq bədən xəsarətləri yetirib. Hadisədən sonra sürücü C. Həsənov avtobusdan düşərək Ruslana yardım etməyə başlayıb. Bir müddətdən sonra polis əməkdaşları hadisə yerinə gələrək onu həbs ediblər. Lakin polislər C. Həsənovun hadisə yerindən qaçdığını iddia ediblər. Polislərin həmin ifadələri məhkəmə tərəfindən sübuta yetirilmədiyi üçün C. Həsənova həmin məsələ ilə bağlı bəraət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR