"Bank of Baku" görmə məhdudiyyəti olan uşaqlar üçün cihazın yaradılmasında bizə dəstək oldu - MÜSAHİBƏ

"Bank of Baku" görmə məhdudiyyəti olan uşaqlar üçün cihazın yaradılmasında bizə dəstək oldu - <span style="color: red;">MÜSAHİBƏ
# 30 sentyabr 2016 09:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bionix Tech” şirkətinin təsisçisi və icraçı direktoru Rəşid Əliyevin "APA-Economics"ə müsahibəsi:

- Görmə qabiliyyətini itirmiş insanların brayl əlifbasını öyrənməsi üçün interaktiv cihaz yaratmısız. Sizin bu cihazı yaratmağınıza stimullaşdıran nə olub?

- Biz bu cihazı yaratmazdan əvvəl, başqa bir cihaz üzərində işləyirdik. “Brayl-Pad” adlanan bu cihaz görmə problemi olan insanlar üçün planşetdir. Planşetin yaradılması zamanı mən şirkətimizin həmtəsisçisi ilə bir yerdə müəyyən mövzuları müzakirə etdik. Araşdırma zamanı məlum oldu ki, görmə qabiliyyətini itirmiş şəxslər brayl əlifbasını öyrənməkdə müxtəlif çətinliklərlə üzləşir. Xüsusilə MDB ölkələrində avadanlıqlar və kitablar köhnə olduğundan brayl əlifbasını öyrənmək bu insanlar üçün əziyyətə çevrilir. Məhz bu problemə görə valideynlər övladlarını 9-11 yaşdan məktəbə qoyurlar. Düzdür, görmə qabiliyyətini itirmiş şəxslərin brayl əlifbasını öyrənməsi üçün cihazlar mövcud idi. Amma bu cihazlar çox köhnə olduğundan dövrün tələblərinə cavab vermirdi. Brayl əlifbasını öyrənməyə yardımçı vasitələr kimi müxtəlif həllərdən istifadə olunurdu və indi də olunur. Məsələn, şirkətimizin Ukraynalı həmtəsisçisi 5 ilə yaxındır ki, bu sahədə çalışır. Onlar interaktiv kubiklər yaradıblar. Kubikin içərisində hərf və müxtəlif kombinasiyaları yığmaq mümkündür. İkinci bir həll bizim yaratdığımız cihaza oxşar olsa da, onun üzərində düymələr və elektronika mövcud deyildi. O cihaz çox bəsit idi. Belə ki, cihazın üzərindəki düymələri yalnız qaldırmaq və endirmək mümkün idi. Bu problemləri gördükdən sonra biz ciddi müzakirələrə başladıq. Həmtəsisçi ilə müzakirə apardıq, mən ukraynalı mütəxəssislərə dedim ki, cihaz bu düymələrlə heç bir effekt vermir. Mən öz variantlarımı ona göstərdim. Təklif etdim ki, bu cihazı interaktiv edək, içərisinə elektronika yerləşdirək. Bu, bir qədər mübahisəyə səbəb oldu. Əks arqument kimi bildirildi ki, cihazın interaktiv olması, səs çıxarması istifadəçilərin diqqətini yayındıracaq. Həmtəsisçim gözdən əlillər məktəbində müəllimlərin və şagirdlərin rəyini öyrəndi. Məlum oldu ki, təkmilləşdirilmiş cihaza ehtiyac var. Bundan sonra biz bu cihaz üzərində işləməyə başladıq, onun formasını 3-4 dəfə dəyişdik. Nəticədə gördüyünüz bu cihaz yarandı.

- Bu cihaz gözdən əlilllərə nə kimi imkanlar təqdim edəcək?

- Bu cihaz “Brayl teach” təhsil proqramı əsasında hazırlanıb. Cihazda interaktivlik olduğundan istifadəçi brayl əlifbasını daha asanlıqla öyrənə bilər. Təkcə, görmə qabiliyyətini itirmiş şəxslər deyil, digər şəxslər də bu cihazın köməyi ilə brayl əlifbasını öyrənə bilər. Bu cihazın üst hissəsi brayl əlifbasının 6-lıq, yəni 6 düymə və ya nöqtə deyilən standartına uyğundur. Bilirsiniz ki, brayl əlifbasında iki standart var. Onlardan biri 2 sütunun 3 sətirə və 2 sütunun 4 sətirə nisbətidir. 2 sütun 4 sətir standartı musiqi, riyaziyyat və digər sahələrdə tətbiq olunur. Amma ədəbiyyat oxumaq üçün 2 sütun 3 sətir standartından istifadə olunur. Gördüyünüz bu cihazın üzərində düymələr brayl əlifbasının kombinasiyasına əsasən düzülüb. Bildiyiniz kimi, brayl əlifbasında kağızın üzərində qabarıqlar vasitəsi ilə oxumaq mümkündür. Bu cihazda isə düymələrin yuxarıda və ya aşağıda olması öz-özlüyündə heç nə demək deyil. Amma düymələrin uyğun olduğu konfiqurasiya artıq müəyyən hərf, işarə və simvolu ifadə edir. Qeyd edim ki, cihazın üst düyməsində hərflərin kombinasiyasının daxil edilməsi, sol yuxarı düymə əməliyyat, təsdiq və daxilolma düyməsidir. Sağ tərəfdəki düymə giriş-çıxış və ya imtina üçün istifadə olunur. Aşağıdakı solda və sağdakı düymələr isə naviqasiyalardır. Bu düymələrdən oyun daxilində və menyular daxilində bir addım irəli və ya geri qayıtmaq üçün istifadə olunur. Cihazda müxtəlif oyunlar var. Əgər mən hərfləri öyrənmək istəyirəmsə, onda “hərfləri öyrənirəm” rejiminə keçirəm. Mən kombinasiyanı yığıram, düyməni basıram və cihaz hərfi səsləndirir. Əgər düymələr səhv yığılarsa, cihaz bunun düzgün olmadığını deyir. Və yaxud cihaz hər hansı hərfin yazılması üçün kombinasiyaları ardıcıllıqla səsləndirir, istifadəçi isə bu qaydalara riayət etməklə hərfi yaza bilir. Cihazda digər oyun növləri də var. Məsələn, vaxta görə hərf və ya rəqəmlərin yığılması oyunu da var ki, müəyyən zaman kəsiyində istifadəçi verilmiş əmrə uyğun hərf və ya rəqəmi yığmalıdır. İndi cihazda 6 aktiv oyun var. Bizim planımızda bu oyunların sayını 8-ə çatdırmaq və riyazi əməliyyatlarla bağlı da tapşırıqlar yaratmaq var. Ümumiyyətlə, istifadəçinin cihazla tanış olması üçün 10 dəqiqə lazımdır. Bu cihaz vasitəsi ilə brayl əlifbasını 1-3 il arasında öyrənmək mümkündür. Bu müddət istifadəçinin özündən asılıdır.

- Cihaz hansı dildə işləyəcək və bu cihazın bazarda alternativi varmı? Varsa, digərlərindən üstünlüyü nədir?

- Cihaz 6 dilə qədər əməliyyatları dəstəkləyir. Biz ilkin olaraq bir cihazda 5 aktiv dilin olmasını planlaşdırırdıq. Amma indi dillərin sayını 3-ə endirməyi düşünürük. Çünki, adətən dünyanın müxtəlif ölkələrində 3 dildən artıq istifadə olunmur. Bizim bu cihazda 4 dil – Azərbaycan, Rus, İngilis və Ukrayna dili mövcuddur. Ukraynalı mütəxəssislərlə bir yerdə işlədiyimizə görə, Ukrayna dilini də əlavə etmişdik. Bazarda bu cihazın alternativləri var. Amma bu cihaz digərlərindən üstündür. Üstünlüyü çox dilli olması ilə bağlıdır. Bundan başqa, cihazın daxilində hərfləri öyrətməkdən əlavə başqa oyunlar da var və bu oyunların sayını artırmaq olur. Cihazda həmçinin “usb” portu var ki, bunun vasitəsilə proqram təminatını yeniləmək olur. Əməliyyat düymələri, naviqasiyalar və interaktiv olması bu cihazı digərlərindən fərqləndirir. Bazarda interaktiv bir cihaz var. Bu cihaz sadəcə bir dildədir və sadəcə hərf və rəqəmi deyir. Bu cihazda başqa əməliyyat aparmaq mümkün deyil. Bizim cihazda dillərin çox olması üstünlüyü var.

- Cihazın istehsalına başlanılsa, satış qiyməti nə qədər olacaq?

- İndiki halda cihaz kütləvi istehsal edilmədiyindən maya dəyəri baha başa gəlir. Təsəvvür edin, bu qurğu 3D printer ilə çap edilir. Korpus hissəsinin istehsalı 5 saat, qurğunun alt hissəsi 1,5-2 saat vaxt aparır. Bir sözlə, cihazın içindəki avadanlıq, düymələrin yerləşdirilməsi ilə bir cihazın istehsalı 1 günə başa gəlir. İndiki halda maya dəyəri 65 dollara başa gəlir. Biz cihazı 60 dollara təklif edirik. Biz hətta özümüzə əmək haqqı istəmirik. Amma kütləvi istehsal olarsa, cihazın qiyməti böhranlı vəziyyəti nəzərə alaraq 50 dollar civarında saxlamaq istəyirik. Kütləvi istehsalda cihaz korpus tökmə üsulu ilə hazırlanır və elementlər içərisinə yerləşdirilir. Bu zaman 8 saata qənaət edilir. Üstəlik, adi halda korpusun birinin çapı 15-20 dollara başa gəlirsə, kütləvi istehsal zamanı korpusun maya dəyəri 5 dollara enir. Yəni, kütləvi istehsalda biz vaxta və qiymətə qənaət etmiş oluruq. Proqram təminatının dəyişdirilməsi və digər işlərə də maliyyə ayıra bilirik. Kütləvi istehsal olarsa, böhranlı vəziyyəti nəzərə alaraq cihazın qiymətini 50 dollar civarında saxlamaq istəyirik.

- "Bank of Baku" cihazın istehsalında hansı rola malikdir?

- “Bank of Baku” cihazın ilk nüsxələrinin hazırlanmasında maliyyə dəstəyi verib. Hal-hazırda cihazlar sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində sınaqdan keçirlir. Bu yaxınlarda Bankın birbaşa dəstəyilə cihazların məktəbə təhvil verilməsinin və rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. 3 aydan sonra biz məktəblilərin və müəllimlərin cihaz haqında fikirlərini öyrənəcək və lazım olduğu təqdirdə təkmilləşdirmə işləri aparacağıq. Bu layihə “Bank of Baku”nun sosial məsuliyyət yönümlü fəaliyyəti sayəsində reallaşıb. Bizim şirkət də bu layihədən gəlir əldə etmək niyyətində deyil. Gələn ildən etibarən “Bank of Baku” ilə əməkdaşlığımızın növbəti mərhələsinə başlamaq niyyətindəyik. Sosial layihə olduğundan “Bank of Baku” bu cihazın təkcə Bakıda yox, regionlarda görmə qabiliyyətini itirmiş şəxslərə verilməsini istəyir. Məqsəd məktəbə getməyən görmə qabiliyyətini itirmiş şəxslərin brayl əlifbasını öyrənməyə kömək etməkdir. “Bank of Baku” kimi digər şirkətlər də bu layihəyə dəstək versələr, cihaz daha çox istehsal olunar və daha çox şəxsə paylanılar. Bununla da, təhsilə cəlb edilən görmə qabiliyyətini itirmiş şəxslərin sayı əhəmiyyətli dərəcədə arta bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR