Hacıqabul rayonunun Talış kəndində yerləşən Kür sutəmizləyici qurğusunda qəza baş verib.
Bu barədə APA-nın Mil-Muğn bürosuna Kür Su Təchizatı idarəsinin rəisi Eldəniz Həsənov məlumat verib.
İdarə rəisinin qeyd etdiyinə görə, səhər saatlarında 1400 diametrlik suötürücü kəmərin sınması nəticəsində Hacıqabul rayonunda Şirvan-Muğan qrup su kəmərinə suyun verilməsi dayandırılıb. Hal-hazırda kəmərdə təmir işləri davam etdirilir. Suyun verilməsi saat 22 radələrində gözlənilir. Qəza nəticəsində Şirvan şəhərinin, həmçinin Hacıqabul, Salyan, Biləsuvar və həmin istiqamətdə yerləşən rayonların su təchizatında fasilə yaranıb.