Ukraynanın Təhlükəsizlik Xidməti ölkədə antiterror əməliyyatı tətbiq edildiyini bəyan edib

Ukraynanın Təhlükəsizlik Xidməti ölkədə antiterror əməliyyatı tətbiq edildiyini bəyan edib
# 19 fevral 2014 17:43 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Yakimenko Xidmətin saytında bəyan edib.

Qərara əsasən, ölkədə dövlət təhlükəsizliyinin təmini, ictimai asayişin qorunması və dövlət sərhədinin qorunması üzrə əlavə tədbirlər görülür. Əməliyyatda, Təhlükəsizlik xidməti ilə yanaşı Daxili işlər və Müdafiə nazirlikləri, Sərhəd xidməti, mərkəzi və yerli orqanlar iştirak edəcək.

Yakimenko qeyd edib ki, aksiyalar zamanı etirazçılar 1500 ədəd odlu silahdan və 100 mindən çox patrondan istifadə edib. Bütün bunlar ölkədə antiterror əməliyyatlarına başlamağa əsas verir.

“Bu gün qətl, yandırılma, girov götürülmə, əhalini vahiməyə salınması ilə məqsədyönlü şəkildə zorakılıq törədilir. Bu artıq terrorizmin təzahürü deyil, konkret terror aktlarıdır”, - bəyanatda vurğulanır.

Bundan əvvəl, UTX başçısının müavini Vladimir Prixodko bəyan etmişdi ki, İvano-Frankovsk vilayətində müxalifətin tərəfdarları yerli xüsusi xidmət idarəsini ələ keçirərək 286 tabel tapançası, 2 tüfəng, 3 əl pulemyotu, 92 qumbara və 15 minə yaxın patron oğurlayıb.

2003-cü ildə qəbul olunmuş “Terrorizm ilə mübarizə haqqında” qanuna əsasən, əməliyyata cəlb edilən vəzifəli şəxslər vətəndaşları sənədlərini yoxlamaq, saxlamaq və silahdan istifadə etmək, küçələrdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq, evlərə daxil olmaq, özgə rabitə və nəqliyyat vasitələrindən istifadə etmək hüququna malikdirlər.

Ukraynada vəziyyət fevralın 18-də, müxalifətçilərlə milis arasında toqquşmalardan sonra gərginləşib. Rəsmi məlumatlara əsasən, iğtişaşlar zamanı 26 nəfər ölüb, 800 nəfər xəsarət alıb. Ukraynanın paytaxtına giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR