İsmayıllı rayonunda əmək yarmarkası keçirilib

İsmayıllı rayonunda əmək yarmarkası keçirilib
# 19 mart 2013 10:13 (UTC +04:00)

Bakı – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması məqsədilə bu il də əmək yarmarkalarının keçirilməsinə başlayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, il ərzində ölkənin 57 şəhər və rayonunda əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur və bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq, əmək yarmarkalarında işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim etmək üçün boş iş yerləri (vakansiyalar) barədə məlumatlar toplanır.

Qeyd edək ki, ilk olaraq, bu gün İsmayıllı rayonunda keçirilən əmək yarmarkasında 415 boş iş yeri təqdim olunub və 186 nəfərə boş iş yerlərinə göndəriş verilib, 12 nəfər peşə təlimi kurslarına göndərilmək üçün qeydiyyata alınıb, 15 nəfər işaxtaran haqqı ödənilən ictimai işlərə cəlb edilib. Ötən il ölkənin bütün rayon və şəhərləri üzrə keçirilən əmək yarmarkalarında isə 7 082 nəfər özünə münasib iş yeri əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR