Milli Məclisdə dollarla alınan kreditlərin taleyinə aydınlıq gətirilməsi təklif olunub

Milli Məclisdə dollarla alınan kreditlərin taleyinə aydınlıq gətirilməsi təklif olunub
# 17 mart 2015 11:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında baş nazir Artur Rasizadənin təqdimatı ilə hökumətin illik hesabatı müzakirə olunub.

APA-nın məlumatına görə, deputat Qənirə Paşayeva seçildiyi Tovuz rayonunda cəbhəyanı bəzi kəndlərdə qaz probleminin olduğunu bildirib və hökumətdən bunun həllini xahiş edib.

Daha sonra o, orqan transplantasiyası ilə bağlı qanunvericiliyin icrası yönündə addımlar atılmasının vacibliyini deyib: “Azərbaycanda böyrək, ürək transplantasiyası ilə bağlı addımlar atılır. Bunun üçün yaxşı mütəxəssislər də yetişməkdədir. Transplantasiya cüt və artan orqanlar, yəni sağlam insan orqanları hesabına baş tutmalıdır. Amma qanunvericilikdə bu məsələ ilə bağlı boşluqlar var. Bu problemin həlli orqan transplantasiya probleminin həllinə kömək edərdi”.

Deputat Musa Quliyev isə bildirib ki, əsas problemlərdən biri Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır və pensiya-sığorta sisteminə keçid zamanı bəzi uyğunsuzluqlar yaranıb: “Hansı Qarabağ əlilinin 5 illik əmək stajı var idi, onlar pensiya alırdılar. 5 il stajı olmayanlar isə pensiya yox, müavinət alır. Bu müavinət 60 manat məbləğindədir. Stajı az olan Qarabağ əlillərinə verilən müavinətin də minimum pensiya həddinə çatdırılmasını təklif edirəm”. O, ölkədə sosial evlərin tikilməsinin də vacibliyini vurğulayıb.

Deputat Eldar İbrahimov isə bildirib ki, 2014-cü ildə ölkədə kənd təsərrüfatı sahəsində 5,2 milyard manatlıq məhsul istehsal olunub: “2013-cü illə müqayisədə ötən il meyvə-tərəvəz ixracı 16,1% artıb, idxal 13,4% azalıb. Bu o deməkdir ki, neftdən əldə olunan gəlirlər qeyri-neft sektoruna, o cümlədən kənd təsərrüfatının inkişafına yönəldilir”.

Bununla yanaşı, E.İbrahimov həllini gözləyən bəzi məsələlərin olduğunu hökumətin diqqətinə çatdırıb. O, ölkəyə Geni Modifikasiya Olunmuş (GMO) məhsulların idxalına ciddi nəzarət edilməsinin vacibliyini qeyd edib.

Deputat Əli Məsimli deyib ki, Azərbaycanda devalvasiya yeni situasiya yaratdığına görə hökumət çox güman ki, bu istiqamətdə tədbirlər paketi hazırlayır: “Həmin tədbirlər paketində ictimai rəyi nəzərə almaqla, bəzi məqamların olmasını vacib hesab edirəm". Ə.Məsimli paketdə neftin aşağı qiymət səviyyəsində və dolların bahalaşdığı vaxtda iqtisadi siyasətdə nəzərdə tutulan dəyişikliklər, dollarla alınan kreditlərin taleyinə aydınlıq gətirilməsini təklif edib. Devalvasiyanın müsbət tərəflərinin də olduğunu deyən Ə.Məsimli qeyd edib ki, əgər hökumət yaxın 8-9 ay ərzində müsbət şansdan istifadə etsə, itkiləri minimum endirmək mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR