Səfir Elxan Poluxov CAR parlamentində ölkənin xarici siyasət kursuna dair hesabat tədbirində iştirak edib

Səfir Elxan Poluxov CAR parlamentində ölkənin xarici siyasət kursuna dair hesabat tədbirində iştirak edib
# 26 aprel 2012 15:18 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov CAR Parlamentində bu ölkənin Beynəlxalq Əlaqələr üzrə Departamentinin naziri, xanım M. N. Moşabanenin parlament deputatları və xarici diplomatik nümayəndələrin rəhbərləri qarşısında CAR-ın xarici siyasətinə həsr edilmiş hesabat tədbirində iştirak edib.

Nazir, CAR-ın xarici siyasəti, ölkəsinin Afrikada artan rolu, bu istiqamətdə cəhdlərin artırılması və Afrika qitəsində sülhün birqərar olunmasında birgə səylərin həyata keçirilməsinin vacibliyini qeyd edib. CAR-ın beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal iştirak etdiyini, regional təşkilatlarda bir çox məsələlərin həllində birgə mövqedən çıxış edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra CAR-ın dünyada və regionda baş verən hadisələrə dair rəsmi mövqeyini bildirib, CAR Beynəlxalq Əlaqələr üzrə Departamentinin gələcək planlarını açıqlayıb.

Eyni tarixdə səfir E. Poluxov CAR-ın beynəlxalq təşkilatı, İnsan Hüquqları üzrə Araşdırma Mərkəzinin rəhbəri xanım Olive Şisana ilə görüşüb, görüş zamanı səfir Azərbaycanda gedən siyasi və iqtisadi proseslər haqqında ətraflı məlumat verib, keçən il müstəqilliyinin 20 illiyini qeyd edən respublikamızın qısa müddət ərzində keçdiyi uğurlu yol və bu gün regionda lider ölkə olduğunu qeyd edib. Azərbaycanda bir sıra beyin mərkəzlərinin fəaliyyət göstərdiyini və onların bir çox Avropa, Amerika və Asiya ölkələrində eyni tipli təşkilatlarla əməkdaşlıq etdiyini qeyd edərək, O. Şisananın rəhbərlik etdiyi təşkilatla Azərbaycanın müvafiq qurumları ilə əlaqə yaradılmasında maraqlı olduğunu bildirib.

Xanım O. Şisana tanışlığından məmnun olduğunu bildirərək təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat verərək, bir sıra eyni tipli Afrika mərkəzləri ilə əlaqələrin mövcud olduğunu bildirib və Azərbaycanla əməkdaşlıq etməsində maraqlı olduğunu qeyd edib. Təmsil etdiyi təşkilatın 2000 artıq əməkdaşının olduğunu və büdcəsinin əksər hissəsinin dövlət tərəfindən maliyyələşdirildiyini bildirərək aparılan tədqiqatların cinsi bərabərlik, uşaq və ailə, səhiyyə, kənd təsərrüfatı, təhsil və digər sahələrdə apardığını deyib. O, Azərbaycanla bu və digər sahələrdə birgə əməkdaşlığın yaradılması hər iki ölkənin maraqlarına uyğun olduğunu vurğulayıb.

Daha sonra tərəflər Afrika qitəsində və Cənubi Qafqaz regionunda baş verən proseslər, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR