Azərbaycanda avtomobillər il ərzində havaya 1 mln. tondan çox işlənmiş qaz buraxır

Azərbaycanda avtomobillər il ərzində havaya 1 mln. tondan çox işlənmiş qaz buraxır
# 06 avqust 2013 12:43 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İl ərzində Azərbaycanda avtomobil parkının ətraf mühitə atdığı işlənmiş qazların miqdarı 1 mln. tondan çoxdur.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Texniki Universitetinin Avtomobil nəqliyyatı vasitələri kafedrasının müdiri, Baş Dövlət Yol Polisində texniki məsləhətçi Sülhəddin Gözəlov bildirib ki, bir il ərzində Bakıda atmosferə 700 min tondan çox işlənmiş qazlar xaric olunur. Bir gün ərzində isə Bakıda tıxaclarda əlavə yanacaq yandırmanın miqdarı 65 min litr və ya 55 ton təşkil edir.


Onun sözlərinə görə, Bakıda istismarda olan 800 mindən çox avtomobilin şəhərə böyük mənfi təsiri var: “Çirklənmənin artmasının səbəblərindən biri də tıxaclardır.
Çünki tıxacın yaranması avtomobillərin boş işləmə rejimini artırır. Əlavə enerjinin yaranması isə böyük ekoloji problem deməkdir. Eyni zamanda bu, həm də təbii resursların sərf olunmasına gətirib çıxarır”.

S.Gözəlov bildirib ki, ölkədəki ekoloji durumla bağlı Nazirlər Kabinetinə bir sıra təkliflər irəli sürülüb: “Bunlar əsasən təşkilatı-hüquqi, memarlıq planlaşdırma, konstruktiv tikinti, istismar, ekotexnoloji tədbirlərdən ibarətdir. Bizim əsas istəyimiz bu təkliflərə kompleks yanaşılmasıdır. Həmçinin ekoloji metodlar maliyyə metodları ilə uyğunlaşdırılmalıdırlar”.

Qeyd edək ki, Azərbaycanda istismarda olan avtomobillərin 50%-dən çoxu köhnədir. Həmin avtomobillər 10 ildən çox istismardadırlar. Məsələn, bir “VAZ” markalı avtomaşının atmosferdə yandırdığı dəm qazının miqdarı 5-6%, yeni “Mercedes” modelinin yandırdığı dəm qazının miqdarı isə 0,05% təşkil edir. Bir sözlə, bir “VAZ” markalı avtomobil yüz “Mercedes” markalı avtomaşın qədər havanı zəhərləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR