Tarık Akan: “Türkiyədə qurulmuş sistem bizi qaranlığa aparır”

Tarık Akan: “Türkiyədə qurulmuş sistem bizi qaranlığa aparır”
# 07 iyun 2014 08:17 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Arif Məlikov evində mənə operanın necə bəstələndiyini göstərdi”. Bu sözləri APA-ya açıqlamasında Türkiyənin tanınmış kino aktyoru Tarık Akan deyib.

Türkiyədə sənət sahələrinin özəlləşdirilməsi ilə bağlı hökumətin hazırladığı qanun layihəsinə qarşı çıxan 250 sənətkarın keçirdiyi etiraz aksiyasında APA-nın “Sizinlə 1,5 il qabaq söhbət edəndə Türkiyənin sənət sahəsində hər gün bataqlığa sürükləndiyini demişdiniz. Vəziyyət daha da pisləşibmi”, - sualına Tarık Akan belə cavab verib:

“İşin yaxşılığa tərəf getməsiylə bağlı ümidimizi getdikcə itiririk, hər şey pisliyə tərəf gedir. Əgər biz sənətkarlar bir yerə toplaşıb yumruq kimi işlərin mənfiyə doğru getməsini əngəlləyə bilsək çox xoşbəxt olarıq. Ancaq illərdən bəri qurulmuş bir sistem bizi qaranlığa aparır. Təbii ki, Türkiyə cəmiyyəti nə qədər qaranlığa sürüklənərsə, qonşularımızın da durumu buna paralel olaraq pisləşəcək. Azərbaycan bizim ən yaxın dostumuz, ən səmimi qonşumuzdur. Nəticədə proseslərin hansı tərəfə gedəcəyini heç kim müəyyənləşdirə bilmir. Daha əvvəl qurulan və Ərdoğan hökuməti tərəfindən daha da sərtləşdirilən sistem Türkiyənin 90 illik sənət ənənəsini aradan qaldırmağa yönəlib. Görək, nə olacaq...”

APA-nın “Agentliyimiz vasitəsilə Azərbaycandakı həmkarlarınıza müraciət etmək istəyirsinizmi?” sualının cavabında Tarık Akan deyib: “Sizin vasitənizlə Nazimin pyesinə balet bəstələyən möhtərəm bəstəkar Arif Məlikova salamlarımı göndərirəm, ona mənim şəxsi salamımı çatdırmağınızı xahiş edirəm. Nazim barədə sənədli filmi çəkərkən onun evində oldum, bir operanın necə bəstələndiyini ağzım açıq halda, heyranlıqla gördüm. Ona böyük sevgi və hörmətimi göndərir, çox uzun yaşamasını diləyirəm”.

“Azərbaycandakı həmkarlarınızdan dəstək gözləyirsinizmi?” sualını isə Türkiyənin məşhur kino aktyoru belə cavablandırıb: “Vallah, hələ biz öz aramızda adam kimi toplana bilmədiyimizə görə, nəticənin nə olduğunu bilmirəm”.

Qeyd edək ki, 250 sənətkar, şair və yazarın keçirdiyi etiraz aksiyasının bəyanatını Türkiyənin ilk qadın dirijoru İnci Özdil oxuyub. Bəyanatda “Hökumətin qanun layihəsini Məclisdən keçirməsi durumunda xor, rəqs, xalq musiqisi, klassik musiqi kollektivlərinin, dövlət opera, balet, dram və komediya teatrlarının (ümumilikdə 55 qurum) özəlləşdirilərək dövlət dəstəyindən məhrum qalacağı, bunun da Türkiyə Cümhuriyyətinin 90 illik sənət ənənəsinə böyük zərbə vuracağı” vurğulanaraq şair, yazar və sənətkarlar hökumətin bu siyasətinə qarşı təşkilatlı şəkildə mübarizə aparmağa çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR