TQDK bu gündən daha 13 rayonda monitorinq imtahanları keçirir

TQDK bu gündən daha 13 rayonda monitorinq imtahanları keçirir
# 06 may 2013 07:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ölkənin daha 13 rayonunda ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirilir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, monitorinq imtahanları mayın 6-sı, 7-si və 8-i Bərdə, Ucar, Göyçay, Ağdaş, Şirvan, Kürdəmir, Biləsuvar, Masallı, Neftçala, Salyan, Lənkəran, Quba və Şabran rayonlarında aparılacaq. İmtahanlarda 4386 XI sinif, 5935 V sinif şagirdinin iştirak etməsi nəzərdə tutulub. Ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri bu gün Azərbaycan dilindən, mayın 7-də riyaziyyatdan, mayın 8-də isə fizika fənnindən imtahan verəcəklər.

Azərbaycan bölməsinin V sinif şagirdləri bu gün Azərbaycan dilindən, mayın 7-də isə riyaziyyat fənnindən imtahan verəcəklər. Rus bölməsinin V sinif şagirdləri isə mayın 8-də rus dili fənnindən imtahan verəcəklər.

İmtahan XI siniflər üçün saat 10:00-da, V siniflər üçün isə 12:00 başlanacaq. Monitorinq imtahanı XI siniflər arasında 119, V siniflər arasında isə 182 məktəbdə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR