Azərbaycan bölgələrində su-kanalizasiya sistemlərinin quraşdırılması 2016-cı ilə qədər başa çatacaq

Azərbaycan bölgələrində su-kanalizasiya sistemlərinin quraşdırılması 2016-cı ilə qədər başa çatacaq
# 10 aprel 2014 13:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC 2016-cı ilə qədər Azərbaycan bölgələrində su-kanalizasiya sistemlərinin quraşdırılması işini başa çatdıracaq.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda açılan II Xəzər Beynəlxalq Su Texnologiyaları (CATEC) sərgisində jurnalistlərə açıqlamasında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda 52 rayonda su-kanalizasiya sisteminin quraşdırılması istiqamətində iş aparılır. “Ölkə üzrə, o cümlədən Abşeron yarımadasına 2014-2016-cı illərdə içməli suyun verilməsi ilə bağlı yeni Dövlət Proqramı təsdiq olunub. Bu proqram çərçivəsində 2016-cı ilə qədər bütün rayonlarda su-kanalizasiya sistemlərinin quraşdırılmasının başa çatacaq”.

Q. Hüseynov deyib ki, hazırda 8 rayonda işlər başa çatdırılıb: “14 rayonda layihələrin tamamlanması üçün tenderlər davam edir. Bu ilin sonunadək bu rayonlarda layihələrin icrasına başlanacaq”.

Onun sözlərinə görə, Abşeron yarımadasında çirkab sularının idarə olunması üçün tunel tipli və açıq örtüklü kanalizasiya kollektorlarının tikintisi davam etdirilir: “Bu işlər 600 kilometr məsafədə icra olunur ki, bunun da 140 kilometri tuneldən ibarətdir. 2013-cü ildən isə bu tunellərin 50 kilometrliyində 11 nöqtədə inşasına başlamışıq”.

Q.Hüseynov Bakının mərkəzində olan kanalizasiya sistemlərinin çoxunun köhnəldiyini və “Azərsu” ASC-nin bu xətlərin reabilitasiyası ilə məşğul olduqlarını da diqqətə çatdırıb: “Eyni zamanda qəsəbə və kəndlərdə kollektorların və bu kollektorların birləşdiyi 11 çirkablı su təmizləyən qurğunun tikintisi ilə məşğuluq. Bu qurğuların da ümumi həcmi də 1 milyon 375 min kub-metrə bərabərdir. Bu sistemlərin də bir qismi yenidən qurulmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR