İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 92,4 mln. manat güzəştli kredit verilib

İlin əvvəlindən SKMF xətti ilə sahibkarlara 92,4 mln. manat güzəştli kredit verilib
# 24 iyun 2015 11:35 (UTC +04:00)

Bakı. Zahid Abışov - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə dair növbəti işgüzar forumu iyunun 24-də Ucar rayonunun Qazıqumlaq kəndində keçirib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 2771 sahibkara 92,4 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 10 600-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 431 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 35 000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində Ucar və ətraf rayonlardan olan 69 sahibkara 1,9 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, taxılçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir.

Forum çərçivəsində Ucarda güzəştli kredit ayrılmış ildə 9,5 min ton quş əti istehsal etmək gücündə olan müəssisəyə baxış keçirilib. Ümumilikdə, son illər ərzində dövlətin güzəştli kreditləri hesabına illik istehsal gücü 59,4 min ton quş əti və 296 mln. ədəddən çox yumurta olan 42 quşçuluq təsərrüfatına 116,6 mln. manat güzəştli kredit verilib, nəticədə sənaye üsulu ilə quş əti istehsalı ildə 100 min tonu ötüb, bu sahədə özünü təminetmə səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR