BAXCP hökuməti orduda islahatlar aparmağa çağırır

BAXCP hökuməti orduda islahatlar aparmağa çağırır
# 11 mart 2013 11:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

Toplantıda ötən gün bir qrup gəncin “Fəvvarələr” meydanında "Əsgər ölümlərinə son!" şüarı ilə keçirdiyi aksiyaya münasibət bildirilib. İdarə Heyəti aksiya keçirməyə cəhd göstərən gənclərin ordudakı vəziyyət və əsgər ölümləri ilə bağlı narahatlıqlarını bölüşüb. Eyni zamanda partiya ayrı-ayrı xarici qüvvələrə bağlı qrupların təxribat törətmək ehtimalının yüksək olduğunu nəzərə alaraq razılaşdırılmamış aksiyaların keçirilməsi məqsədəuyğun olmadığını bildirib.

İdarə Heyəti hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara Konstitusiya ilə nəzərdə tutulmuş sərbəst toplaşmaq hüququndan istifadə etməsi üçün daha məqsədəuyğun yerlər ayırmalıdır. BAXCP İdarə Heyəti ölkə rəhbərliyini orduda islahatlar aparmağa, ordu rəhbərliyində milli kadrlara da yer verilməsinə, ordunu tam şəkildə NATO standartlarına keçirməyə və peşəkar əsaslarla ordu qurmağa çağırıb: “Ölkənin müharibə vəziyyətində olması insanlarda müəyyən gərginlik, stress doğurur və zabitlərin uzun müddət ailələrindən uzaq olması bu gərginliyi xeyli artırır. Ordu ilə bağlı narahatlıq kampaniyaçılıq kimi qəbul olunmamalı, əksinə, ordudakı problemlərə daha çox diqqət yetirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR