Əvəz Zeynallı prokurorun suallarını cavablandırıb

Əvəz Zeynallı prokurorun suallarını cavablandırıb
# 28 noyabr 2012 13:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Ə. Zeynallı dövlət ittihamçısı Ramazan Hadıyevin suallarını cavablandırıb.

Dövlət ittihamçısı Ə. Zeynallıdan Gülər Əhmədovanı ilk dəfə nə vaxt tanıdığını soruşub. Ə. Zeynallı isə dəqiq xatırlamadığını bildirib: “Mən jurnalistika ilə 2001-ci ildən məşğul oluram. Həmin vaxtlardan qiyabi, sonra isə əyani tanışlığımız başlayıb. Lakin konkret tarix yadımda deyil ”.

Sonra dövlət ittihamçısı “Xural” qəzetində nə zamandan Gülər Əhmədova barəsində yazıların yazıldığını soruşub. Ə. Zeynallı 2003-cü ildən G. Əhmədova barəsində qəzetində yazılar yazıldığını deyib: “Biz heç kimin barəsində mənfi və ya müsbət yazı yazmamışıq. Hansı məlumat redaksiyaya daxil olubsa, biz həmin məlumatı yayınlamışıq. Lakin Gülərlə bağlı tənqidi yazılarımız da olub. Çünki Gülər deputatdır. Mən də hər zaman deputatların adının qarşısında təyinatlı yazmışam. Onlar da məndən inciyirdilər”.

Dövlət ittihamçısı Nigar Almanqızı ilə bağlı da suallar verib. Həmin suallara cavab olaraq Ə. Zeynallı bildirib ki, Nigar Almanqızını “Xural” qəzeti fəaliyyətə başlamazdan əvvəl tanıyıb: “Mənim Nigarla münasibətim hər zaman normal olub. Yaxşı jurnalistlərdən biridir. İndi də münasibətim normaldır. Lakin Gülər onu ölkədən didərgin salıb. Nigarla Gülərin münasibətlərinin pozulmasının səbəblərini bilmirəm. Lakin hər ikisi mənə şikayət edirdi. Gülər mənə deyirdi ki, Nigarla bağlı onda videogörüntülər var, onları yayıb Nigarı biabır edəcək, onu həbs etdirəcək. Mən də deyirdim ki, ayıbdır, elə şey etməyin. Gülər Nigarın xəstə atasının üstünə silahlı adamlar göndərirdi. Nigarda Gülərlə bağlı videoların olub-olmamasından məlumatım yoxdur. Gülərin mənalı və mənasız həyatı hamını şantaj etməklə, dosye toplamaqla keçib. Gülərin bütün həyatı yalandır. Mənim işimdən sonra onun bütün həyatı ağlamaqla keçəcək. Mən bir daha deyirəm ki, Gülərlə bağlı məndə hansısa məlumat olmayıb. Qəzetdə heç bir anons verilməyib. Bu adam anadan olanda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi yazılıb. Mən yazmışam ki, Misir Mərdanov Gülər Əhmədovaya atdı. Bu cür məqaləmiz olub. Gülər də istintaqda ifadəsində deyib ki, bu yazıdan sonra Əvəzdən xahiş elədim ki, təkzib ver. O da dedi ki, bunun davamı olacaq. Guya mən onu hədələmişəm. Gülər gətirsin təkzibin mətnin göstərsin ki, bizə göndərib. Lap elə demişəm. O da qəzet, portal sahibdir. Orada yazardı ki, filan məlumat yalandır. Gülərin bütün həyatı mənə zəng etməklə keçirdi. Gecə saat üçdə mənə zəng edirdi. Saatlarla telefonla danışırdıq. Gülərlə bağlı yazıları dayandırmaq üçün mənim onunla hər hansı söhbətim, danışığımı olmayıb. Gülər gəlib redaksiyada oturub, bir rəqəmdən danışıb, çıxıb gedib. Mən ondan heç nə istəməmişəm. Nigarın da mənə yazı göndərməsindən Gülərin xəbəri olmayıb” .

Daha sonra dövlət ittihamçısı Ə. Zeynallı ilə G. Əhmədovanın bir-birlərinə yazdıqları sms-lərin mətnini açıqlayıb: “Siz Gülər Əhmədovaya yazmısınız ki, “yəqin ki sabah görüşərik”. Gülər Əhmədova da yazıb ki, “həmin məbləği hələ düzəldə bilməmişəm. Məni başa düşün. Mənim istədiyim o qızın qarşısında sınmamaqdır. Mənə vaxt verin. Təki o qızın müsahibəsi getməsin. Əlimdə olan bütün pullar dağılıb. Tutaq ki, yazdınız o qızı sevindirdiniz. Sonra əlinizə nə keçəcək”. Bununla bağlı nə deyə bilərsiniz?”

Ə. Zeynallı isə həmin sms-lərin birtərəfli yazıldığını və istintaq tərəfindən saxtalaşdırıldığını deyib.

Proses günün ikinci yarısında davam etdiriləcək


Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Günün ikinci yarısında dövlət ittihamçısı prosesə gəlmədiyi üçün məhkəmə dekabrın 5-ə təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR