Gələn il Fransa-Azərbaycan İKT forumunun keçirilməsi planlaşdırılır

Gələn il Fransa-Azərbaycan İKT forumunun keçirilməsi planlaşdırılır
# 26 noyabr 2012 14:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Ə.Abbasov ölkədə İKT sektorunda aparılan islahatlar və həyata keçirilən milli və regional layihələr, o cümlədən Azərbaycanın BMT tərəfindən əlaqələndirici təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələr, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri barədə səfiri məlumatlandırıb.

Azərbaycanda VII İnternet İdarəçiliyi Forumunun yüksək səviyyədə təşkilinə görə təbriklərini bildirən səfir P.Mönye «BakuTel-2012» İnformasiya və Telekommunikasıya Texnologiyaları sərgisində Fransa Milli Pavilyonu və orada təmsil olunan fransız şirkətlərinin iştirakına görə də təşəkkürünü bildirib. Fransız şirkətlərinin artıq ikinci dəfə «BakuTel»də təmsil olunduğunu və bunun ənənəyə çevrildiyini vurğulayan P.Mönye Fransa şirkətlərinin növbəti ildə «BakuTel»də iştirakının indidən planlaşdırıldığını, iki ölkənin şirkətləri arasında gələcək investisiya imkanlarının məhz bu platformada dəyərləndirilməsindən daha müsbət nəticələrin gözlənildiyini qeyd edib. Səfir həmçinin Azərbaycanın ilk süni peykinin Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan 2013-cü ilin fevral ayında «Ariane Space» fransız şirkətinin raket daşıyıcısı vasitəsilə qaldırılması və geostasionar orbitə çıxarılmasında Fransa şirkətlərinin iştirakından məmnunluğunu, ilk peykin buraxılmasında fransız maliyyə təsisatlarının töhfə verdiyini, gələcəkdə də əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını, aşağı orbitli telekommunikasiya peyklərinin buraxılmasında, həmçinin Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində fransız şirkətlərinin fəal iştirak edəcəyinə əminliyini vurğulayıb.

Nazir də öz növbəsində fransız şirkətlərinə məxsus yüksək texnologiyaların tətbiqi ilə ilk peykin buraxılmasının Azərbaycana gələcəkdə yeni güc verəcəyini, eyni zamanda iki ölkə arasındakı münasibətlərdə yeni bir əməkdaşlığın təməlini qoyacağını qeyd edib.

Görüşdə 2010-cu ildə Parisdə imzalanmış «Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Fransa Sənaye Nazirliyi arasında innovasiya sahəsində əməkdaşlığa dair Saziş»ə yeni düzəlişlər edilərək, növbəti ildə yenidən imzalanması, həmin dövrdə ikinci Fransa-Azərbaycan İKT forumunun keçirilməsi də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR