Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində dəyirmi masa keçirilib

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində dəyirmi masa keçirilib
# 03 oktyabr 2014 08:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizmin müqayisəli tədqiqləri: Nəzəriyyədən humanist təcrübəyə doğru” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə “Multikulturalizm fəlsəfəsi və müxtəlif ölkələrdə müqayisəli tədqiqatların spesifikası”, “Milli kimlik konsepsiyalarının siyasi-hüquqi aspektləri və liberalizmlə kommunitarizmin sintezi şəraitində mədəni müxtəliflik təcrübəsi”, “Multikultiralizmin müxtəlifmədəni təcrübələrin tolerant, birgə yaşayışı” və digər mövzular müzakirə olunub.

Tədbirdə çıxış edən Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, Azərbaycanda multikulturalizm sahəsində mühüm addımlar atılmaqdadır: “Biz azərbaycanlılar, daha dözümlü bir cəmiyyətdə yaşayırıq və cəmiyyətə bütün məsələlərdə açıq millətik. Dünyada informasiya, texnologiyalar və digər təhlükəsizlik metodlarının sırasına multikulturalizm təhlükəsizliyini də əlavə etmək olar. Bu təhlükəsizlik geniş coğrafi mühitdə mədəni müstəvini birləşdirən ümumi dəyərdir. Bu ideyanın həyata keçirilməsində Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək lazımdır”.

Tədbirdə çıxış edən Latviyanın sabiq prezidenti Valdis Zatlers bildirib ki, entik, dini mədəniyyət bir çox hallarda dəyərlər sisteminə əsaslanır: “İnsanları bir araya gətirmək, mədəniyyəti çoxtərəfli etmək üçün uşaqlara düzgün və sistemli təhsil vermək, onlarda tolerantlığı təbliğ etmək lazımdır. Hesab edirəm ki, bir çoxları bu məsələni müxtəlif aspektlərdə qəbul edirlər. Biz ailələrimizi və cəmiyyəti necə gücləndirməyi, onların təhlükəsizliyini necə təmin etməyi düşünməliyik”.

Vürsburq Universitetinin professoru, Osfald fon Volkenştayn cəmiyyətinin prezidenti Zidlinden Haqvard tədbir iştirakçılarına müraciət edərək tədbirin təşkili üçün Azərbaycan dövlətinə təşəkkür edib: “Bizim məqsədimiz ümumi köklərin axtarışına çıxmaqdır. Bunlar orta əsrlərdən gələn “Kitabi Dədə Qorqud” dastanı, yaxud qədim german tarixini özündə ehtiva edən qədim tarixi dastanlar və hekayələrdir. Biz bu dastanlar vasitəsi ilə öz qədim kimliyimizi müəyyənləşdiririk”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Azad Məmmədov, Florensiya Universitetinin professoru Franko Kardini və başqaları forumun əhəmiyyətindən danışıb, tədbirin Azərbaycanda keçirilməsinin multikultural ənənələrin bariz nümunəsi olduğunu qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR