Serbiyanın Avropa inteqrasiyası naziri: “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”

Serbiyanın Avropa inteqrasiyası naziri: “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”
# 04 may 2015 15:53 (UTC +04:00)

Bakı - APA. Milli Məclis sədrinin müavini Bahar Muradova YAP-ın dəvəti ilə ölkədə səfərdə olan Serbiya Tərəqqipərvər Partiyasının nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B. Muradova Azərbaycanla Serbiya arasında münasibətlərin hər iki tərəfi qane edəcək səviyyədə olduğunu, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin dost ölkələrə layiq səviyyədə qurulduğunu bildirib.

Milli Məclis sədrinin müavini parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının fəaliyyətini müsbət dəyərləndirib. Dağlıq Qarabağ probleminə toxunan B. Muradova Serbiyanın iqtidar partiyasının bu münaqişənin çözülməsinə töhfələr verə biləcəyini söyləyib.

Serbiya Tərəqqipərvər Partiyasının beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə nazir Yadranka Yoksimoviç Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşüb, Serbiya parlamenti və təmsil etdiyi siyasi partiya barədə məlumat verib. Y. Yoksimoviç YAP-la bu gün Anlaşma Memorandumu imzaladıqlarını nəzərə çatdırıb. Dövlətlərin ərazi bütövlüyü və suverenliyi məsələsində Azərbaycanla həmfikir olduqlarını qeyd edən Y. Yoksimoviç Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini vurğulayıb.

Görüşdə Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, Serbiya-Azərbaycan parlament dostluq qrupunun sədri Katarina Rakiç və digər rəsmi şəxslər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR