İran səfiri: “Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun iclasında müəyyən irəliləyişə nail olunub”

İran səfiri: “Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun iclasında müəyyən irəliləyişə nail olunub”
# 29 aprel 2013 14:36 (UTC +04:00)

Bu barədə APA-ya İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayın bildirib. Səfir növbəti toplantının sentyabr ayında Bakıda keçiriləcəyini deyib.

M. Pak Ayın qeyd edib ki, keçən görüşlərdən fərqli olaraq, bu iclasdan sonra Konvensiyanın hazırlanması üzərində iş daha da sürətlənib: “Amma nəzərə almaq lazımdır ki, Xəzəryanı ölkələr arasında ortaq bir qərara gəlmək bir az çətin məsələdir. Onlar öz tərəfindən bəzi güzəştlərə getməlidirlər, amma bu, onların milli mənafelərinə ziyan vurmamalıdır. Təbii ki, əvvəl-axır bu məsələ həll olunmalıdır. Azərbaycan və İran da maraqlıdırlar ki, bu iş mümkün qədər tez həyata keçirilsin”.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Tehrana bu gün baş tutan səfəri barədə danışan səfir bildirib ki, səfər çərçivəsində İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüş keçirilib və səfər hələ davam edir: “Zənnimcə, Ramiz Mehdiyev kimi rəsmi şəxsin İrana səfəri ikitərəfli əlaqələrə yeni təkan verəcək və bu səfərin strateji münasibətlərin yaradılmasında xüsusi rolu olacaq. Bu səfər göstərir ki, iki ölkə arasında möhkəm qarşılıqlı inam mövcuddur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR