Bank Of Baku

Ukraynalı parlamentarilər Azərbaycana səfər edib

Ukraynalı parlamentarilər Azərbaycana səfər edib
# 19 noyabr 2026 14:06 (UTC +04:00)

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edib.

APA xəbər verir ki, bununla bağlı Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfərin əsas məqsədi əməkdaşlığın qurulması və qaçqınlara, məcburi köçkünlərə dəstək, müharibədən zərər çəkmiş ərazilərin bərpası və sosial infrastrukturun yenidən qurulması sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi olub.

Ukrayna Ali Radasının deputatları – “Ukraynanın məcburi köçkünləri” fraksiyalararası deputat birliyinin nümayəndələri, birliyin həmsədrləri Maksim Tkaçenko və Serhiy Kozyrin ölkə rəhbərliyi ilə bir sıra mühüm görüşlər keçiriblər.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə danışıqlar aparılıb.

Milli Məclisdə nümayəndə heyəti Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və parlamentin digər deputatları ilə görüşüb. Həmçinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüş keçirilib.

Bakıda Şəhidlər xiyabanı ziyarət olunub.

Səfər proqramında Qarabağa səfər də təşkil olunub. Onlar azad edilmiş ərazilərdə aparılan bərpa proseslərini öz gözləri ilə görmək, infrastrukturun inkişafı ilə tanış olmaq və yerli sakinlərlə, o cümlədən uzun illər məcburi köçkün həyatı yaşadıqdan sonra öz doğma yurdlarına qayıtmış insanlarla ünsiyyət qurmaq imkanı əldə ediblər.

Görüşlər zamanı Ukrayna tərəfi Azərbaycana Ukraynaya göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Tərəflər məcburi köçkünlərin sosial müdafiəsi, onların məşğulluğunun təmin edilməsi və reinteqrasiyası məsələlərini, eləcə də hər iki dövlət üçün faydalı ola biləcək praktiki təcrübə mübadiləsi imkanlarını ətraflı müzakirə ediblər.

“Bu səfər peşəkar əlaqələrin inkişafı, praktiki təcrübə mübadiləsi və Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Əminəm ki, fəal parlamentlərarası dialoq qarşılıqlı anlaşmanın daha da dərinləşməsinə töhfə verməyə davam edəcək və ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açacaq”, – Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR