AMEA: Bu il yağıntılarının normadan artıq olması sürüşmə zonalarında təhlükəli vəziyyət yarada bilər

AMEA: Bu il yağıntılarının normadan artıq olması sürüşmə zonalarında təhlükəli vəziyyət yarada bilər
# 09 aprel 2015 12:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Azərbaycanın sürüşmə sahələrindəki mövcud vəziyyəti açıqlayıb. Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya açıqlamasında deyib ki, 2014-cü il sürüşmə prosesi baxımından Azərbaycan üçün nisbətən sabit il olub. Buna baxmayaraq ayrı-ayrı sahələrdə - Şamaxı zonasında, Şamaxı-Muğanlı-İsmayıllı yolunda, Lənkəran zonasında, həmçinin Bakıda sürüşmə proseslərinin fəallaşması müşahidə edilib. E.Əlizadə qeyd edib ki, ötən il sürüşmə prosesləri üçün nisbətən əlverişli, sabit il olub və nəticədə ölkə təsərrüfatına, əhaliyə sürüşmə ilə bağlı dəyən zərər azdır: “2014-cü ildən fərqli olaraq, 2015-ci ilin yaz ayları nisbətən atmosfer yağıntılarının norma və ya normadan artıq düşməsi ilə xarakterizə olunur. Ölkədə təhlükəli ərazilərdə nisbi fəallaşma var. Bunu həm Ekologiya ə Təbii Sərvətlər Nazirliyi, həm də AMEA-nın Coğrafiya İnstitutu tərəfindən aparılan monitorinqlər, sistemli müşahidələr göstərir”.

Direktor müavini vurğulayıb ki, təhlükəli ərazilərdə atmosfer yağıntılarının norma və normadan artıq olması oradakı səth süxurlarının daha tez dolmasına səbəb olur. Onun sözlərinə görə, hazırda ölkə ərazisində, xüsusilə, Böyük Qafqazın cənub-şərq yamacında - Qobustan-Şamaxı- İsmayıllı rayonları ərazisində, Ağsuçay və Girdimançay hövzələrində, qismən də Xızı-Altıağac yolunda, Xızı rayonu ərazisində və Gilgilçay-Şabran-Dəvəçiçay zonasında bu rütubətin yığılması müşahidə olunur. Bu ərazidə hazırda sürüşmələrin nisbi fəallaşması müşahidə edilir: "Nəzərə alaq ki, yağışlı mövsüm hələ qurtarmayıb və bu proses may ayının ortalarına kimi davam edəcək. Buna əsasən də həmin zonalarında sürüşmə prosesinin hələ fəal davam edəcəyini gözləmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR