Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi “nodulyar dermatit” xəstəliyi baş vermiş təsərrüfatlarda olub

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi “nodulyar dermatit” xəstəliyi baş vermiş təsərrüfatlarda olub
# 28 oktyabr 2014 08:06 (UTC +04:00)

Bakı-APA. Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən oktyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi Siyalə Rüstəmova Ağcabədi və Beyləqan rayonlarının “nodulyar dermatit” virus xəstəliyi baş vermiş təsərrüfatlarında olub.

DBNX-nin Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, xidmət rəisinin rəhbərliyi altında xəstəliyə yoluxub müalicə edilmiş və hazırda müalicəsi davam etdirilən heyvanlara baxış keçirilib.

Rayonlara səfəri çərçivəsində S. Rüstəmova yerli bələdiyyə, icra nümayəndələri və ayrı-ayrı təsərrüfat sahibləri ilə görüşüb. Görüşdə bildirilib ki, “nodulyar dermatit” virus xəstəliyi baş verəndən bu günə kimi Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Son bir neçə gündə yeni xəstə heyvan qeydə alınmayıb. Əvvəllər xəstələnmiş heyvanlar isə tam sağalana kimi nəzarətdə saxlanılacaq. Qeyd olunub ki, bütün xidmətin əməkdaşları, o cümlədən xidmətin rəisi S. Rüstəmova xəstəlik qeydə alınan bölgələrdə monitorinq keçirir, xəstələrin sağalması ilə əlaqədar dəqiqləşmələr aparılır. Hazırda xəstəliyə qarşı bütün imkanlardan istifadə edilir.

Görüşlərdən sonra Rüstəmova yerli baytarlıq xidməti əməkdaşlarına lazımi məsləhət və tövsiyələrini verib.

Bildirilib ki, xəstəliyin qarşısını almaq üçün kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən xəstəlik qeydə alınan bütün rayonlara kifayət qədər dərman preparatları göndərilib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti “nodulyar dermatit” virus xəstəliyi ilə əlaqədar bildirir ki, ölkənin epizootik durumu tam nəzarətdə saxlanılır və xəstəliyə qarşı ciddi mübarizə tədbirləri ardıcıl olaraq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR