Rüstəm Usubov: “DTK-nın nəzarətində olan 47 ekstremist-millətçi erməni əsilli şəxsdən bir nəfəri belə Sumqayıt hadisələri zamanı zərər çəkməyib”

Rüstəm Usubov: “DTK-nın nəzarətində olan 47 ekstremist-millətçi erməni əsilli şəxsdən bir nəfəri belə Sumqayıt hadisələri zamanı zərər çəkməyib”
# 28 fevral 2014 08:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Sumqayıt hadisələri ilə bağlı Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldova hüquq-mühafizə orqanlarına SSRİ Prokurorluğunun istintaq qrupunun üzvləri barədə məlumatlar əldə edilməsi üçün sorğular verilib.

APA-nın məlumatına görə, bu barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlara həsr olunmuş “Sumqayıt, 1988. Cinayət və cəza” kitabının təqdimat mərasimində bildirib.

R. Usubov qeyd edib ki, Sumqayıtda «Krunk» təşkilatının emissarlardan biri o vaxt Qarabağdan Sumqayıta hərbi komissar kimi göndərilən Kalantarov soyadlı erməni polkovnik olub. O, buradakı ermənilərin hamısının siyahısını və ünvanlarını bilib, hadisələr ərəfəsində iş yerini dəyişmək adı ilə aradan çıxıb: “Aşkar edilib ki, yaşayış binanın bir girişində 1, 2, 3 və 4-cü mərtəbələrində erməni milliyyətindən yaşayan vardısa, cinayətkarlar 1-2-cü mərtəbəyə yox 3-cü mərtəbədə yaşayan erməninin evinə girərək hadisə törədiblər. Bəzi mənzilləri ermənilər boşaldıb sonradan özləri yanğın törədib və kompensasiya istəyiblər. Bu məsələ də tam sübut edir ki, ermənilər məqsədyönlü hərəkət ediblər. MTN arxivlərində saxlanılan «Nalyotçik» adı altında məxfi işdən müəyyən edilib ki, Sumqayıt hadisələri ərəfəsində yerli KQB şöbəsinin nəzarətində 47 nəfər ekstremist-millətçi erməni əsilli şəxs var və həmin şəxslərdən biri belə hadisələr zamanı zərərçəkən siyahısında olmayıb. Bu faktlar bir daha təsdiq edir ki, «Krunk» cəmiyyəti ilə əlaqə saxlayan erməni millətçiləri sağ-salamat qalıblar”.

R. Usubov həmçinin bildirib ki, aparılmış hazırkı istintaqla tam müəyyən edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Vilayətində fəaliyyət göstərən «Krunk» cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlərdir. İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Nazirlər Kabinetinin Qaçqın və köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər, Milli Təhlükəsizlik, Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərinə, Ali Məhkəməyə, Həmkarlar İttifaqları Konfederasiyasına, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, respublikanın bəzi kütləvi informasiya vasitələrinə və Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğular göndərilərək, əksəriyyətinə cavablar alınıb.

R. Usubov qeyd edib ki, tərəfimizdən həmin dövrdə Sumqayıt şəhərində partiya sovet və hüquq mühafizə orqanlarında işləmiş, habelə kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri dindiriliblər: “Onların verdikləri ifadələrdən belə nəticəyə gəlmək olar ki, hadisələr Sovet rəhbərliyinin hansısa məkrli planları və xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirilib və idarə olunub, iğtişaşların qarşısını almaq üçün dövlət rəhbərliyi səviyyəsində lazımi tədbirlər görülməyib. Əksinə, Kremlin göstərişi ilə rəsmi Bakı Sumqayıt hadisələrinin guya bir qrup xuliqan tərəfindən törətdiyini qəbul edib, siyasi səbəbləri araşdırmaq, onlara siyasi qiymət vermək əvəzinə, günahkarları öz içimizdə, Sumqayıt şəhərinin o vaxt rəhbərləri arasında axtarmağa, tez-tələsik onları vəzifədən və partiyadan çıxarmağı çalışıb.

SSRİ daxili işlər naziri Puqonun 1991-ci ildə özünü vurması faktı üzrə müstəntiq Niyazi Vəlixanov onun evində baxış apararkən çoxlu sayda qovluqlar müəyyən edib, həmin qovluqlarda Dağlıq Qarabağ, Mesxeti türklərinin Özbəkistandan qovulması və bununla əlaqədar SSRİ Daxili İşlər Nazirliyinə mütəmadi məlumatların verilməsi aşkar edilib. Sumqayıt Rayon Polis idarəsinin rəis əvəzi, milis podpolkovniki Xanlar Cəfərov general Krayevdən Nasosnıda (indiki Tağıyev) qəsəbəsi hərbi qoşunların Sumqayıtda yeridilməsini xahiş etsə də, o bunu etməyərək «Bir qrup xuliqanın öhdəsindən gələ bilmirsiniz» iradı tutaraq, bundan imtina edib, nəticədə ölənlərin sayı 32-yə çatıb. Yalnız bundan sonra komendant saatı təyin olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR