Vladimir Putin Krım tatarlarının ağsaqqalı Mustafa Abdulcəmil Krımoğlunu görüşə dəvət edib

Vladimir Putin Krım tatarlarının ağsaqqalı Mustafa Abdulcəmil Krımoğlunu görüşə dəvət edib
# 11 mart 2014 14:11 (UTC +04:00)

APA-nın “RBK Ukraina” saytına istinadən verdiyi məlumata görə, bunu Mustafa Abdulcəmilin özü deyib. Onun fikrincə, Kremldə onunla Krımda yaranmış vəziyyəti müzakirə edərək Krım tatarlarını öz tərəflərinə çəkməyə cəhd göstərəcəklər. M. Abdulcəmil hələlik görüşə gedib-getməməklə bağlı qərar vermədiyini söyləyib: “Rəhbərliklə məsləhətləşməliyəm. Aydındır ki, mənimlə Rusiya qoşunlarının Krımdan çıxarılmasını müzakirə etməyəcəklər, nəsə təklif edəcəklər”.

Krım tatarlarının ağsaqqalı dəvətin şəxsən V. Putindən gəldiyini vurğulayıb.

Xatırladaq ki, Ukrayna dövlətinə sadiq olan Krım tatarları muxtar respublikada separatçılığı və Rusiyaya birləşməklə bağlı qərarları rədd edirlər.

Mustafa Abdulcəmil Krımoğlu (Cəmilov) 1943-cü ildə Krımda doğulub. 1944-cü ildə - 6 aylıq körpə olarkən Krım tatarlarının Özbəkistana deportasiyası zamanı ailəsi ilə birlikdə vətəni tərk edib. Sovet dövründə Krım tatarlarının hüquqları uğrunda mübarizəsinə görə müxtəlif vaxtlarda 15 ilə yaxın həbsdə və sürgündə qalıb. 1986-cı ildə azad edilib. 1989-cu ildə ailəsi ilə birlikdə Krıma – Bağçasaraya qayıdıb. 1998, 2002, 2006, 2007, 2012-ci illərdə Ukrayna milli-demokratik partiyalarının siyahısından Ukrayna Ali Radasının deputatı seçilib. Hazırda Yuliya Timoşenkonun rəhbərlik etdiyi “Batkivşina” (Vətən) Partiyasının parlament fraksiyasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR