İsa Həbibbəyli: “Tarixi abidələrin pasportlaşdırılması ilə bağlı gələcəkdə üç dildə olan kataloqlar nəşr edilməlidir”

İsa Həbibbəyli: “Tarixi abidələrin pasportlaşdırılması ilə bağlı gələcəkdə üç dildə olan kataloqlar nəşr edilməlidir”
# 11 mart 2014 14:07 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, son dörd-beş ildə ölkə ərazisində 1705 abidə aşkarlanıb.

Nazir əlavə edib ki, son illər nazirliyin fəaliyyətinin böyük hissəsi qeyri-maddi mədəni irsin beynəlxalq səviyyədə tanıdılmasından ibarətdir: “2008-ci ilə qədər 6308 tarixi abidə qeydə alınıb. Qobustan abidələri dünya mədəni irs siyahısına müəyyən şərtlərlə daxil olmuşdu. Həmin şərtlərin hamısı ödənildi və Qobustan bu gün Avropanın ən yaxşı muzeyləri siyahısındadır”.

Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, tarixi və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində indiyədək görülən işlər pərakəndə və sistemsiz şəkildə olub. O bildirib ki, dövlət proqramı hazırlandıqdan sonra bu sahədəki işlər sistemli şəkildə öyrəniləcək.

İ. Həbibbəyli təklif edib ki, tarixi abidələrin pasportlaşdırılması ilə bağlı gələcəkdə üç dildə olan kataloqlar nəşr edilsin. Onun sözlərinə görə, müəllifləri mübahisəli olan abidələrin öyrənilməsi AMEA-nın qarşısında yeni səhifə açır.

Konfransda iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Hüseynova, təhsil nazirinin müavini Ceyhun Bayramov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun rəisi Samir Nuriyev, Memarlar İttifaqının sədri Elbəy Qasımzadə və başqaları dövlət proqramının icrası haqqında çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR